Pandemiyalı üç ildən sonra builki Novruz bayramı günləri bölgələrdə mənalı istirahət üçün də yaxşı fürsətdir. Bu günlərdə yerlərdəki mədəniyyət, sənət ocaqları da yerli turist axınından səmərəli istifadə edib, özlərinin tamaşaçı sayını artıra bilərlər.
Elə isə gəlin görək bölgə teatrlarımız potensial tamaşaçılarının istirahət menyusuna hansı səhnə işlərini daxil ediblər?
Salyan Dövlət Kukla Teatrı bayram münasibətilə “Ələddinin Novruz sərgüzəştləri” adlı tamaşa hazırlayıb. 15-25 mart tarixlərini əhatə edən nümayişlər hər gün 2 seansda olacaq. Tamaşanın quruluşçu rejissoru Laləzər Huseynova, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatçısı Elvin İsayevdir.
Lənkəran Dövlət Dram Teatrı Novruz bayramı günlərində kiçikyaşlı tamaşaçılarını yeni səhnə əsəri ilə sevindirəcək. Anar Sadıqovun müəllifi və quruluşçu rejissoru olduğu “Gəl baharım, gəl yazım” adlı birhissəli uşaq tamaşası martın 16-dan 25-dək nümayiş olunacaq. Şən, oynaq musiqilərlə zəngin olan səhnə əsərinin quruluşçu rəssamı Banuçiçək Sadıqova, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Bayram günlərində teatrın cari repertuarından “Yaşayan ölü” (Könül Məmmədova) və “Casus” (Kamal Abdulla) tamaşaları da göstəriləcək.
Mingəçevir Dövlət Dram Teatrı da yeni səhnə işi ərsəyə gətirib. İntiqam Soltanın “Keçəlin kələyi” pyesi əsasında hazırlanan tamaşa 13-23 mart tarixləri arası teatrsevərlərin ixtiyarında olacaq. Xoreoqrafik elementlərlə zəngin uşaq tamaşasının quruluşçu rejissoru İntiqam Soltan, quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulov, rəqslərin quruluşçusu isə Eyvaz Əliyevdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı da bayram günlərində repertuarlarındakı maraqlı tamaşaları nümayiş etdirəcək. Əhməd Qəşəmoğlunun “Qayınana əməliyyatı”, Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları”, Elçinin “Teleskop” və Hüseyn Cavidin “Topal Teymur”u 21-24 mart tarixlərinin tamaşalarıdır. Martın 26-da isə Naxçıvanda qastrolda olan türkiyəli sənətkarlar “Pepe” cizgi filminin qəhrəmanlarının ifasında uşaqlar üçün tamaşa oynayacaqlar.
Qusar Dövlət Ləzgi Dram Teatrı isə “Yurdumuza Novruz gəlir” adlı uşaq tamaşası hazırlayıb. Novruz, Ayı, Tülkü, Canavar, Kosa, Kəçəl və Bahar qızı kimi personajların olduğu tamaşada uşaqlara təbiətə sevgi, adət-ənənələrə bağlılıq və böyüklərə hörmət təlqin olunur. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Musiqili tamaşa martın 24-dək nümayiş olunacaq.