Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın 60 illiyinə həsr olunan “Göyün yeddinci qatı” adlı fərdi sərgisi açılıb.
Martın 10-da keçirilən açılış mərasimində muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova bildirdi ki, sərgidə müəllifin yaradıcılığının əsas istiqamətini təşkil edən batika sənəti nümunələri – zərif ipək üzərində rəsmlər, eyni zamanda rəngkarlıq əsərləri və instalyasiyalar yer alıb. Diqqətə çatdırdı ki, ekspozisiyada öz fərdi üslubu ilə seçilən rəssamın sirli dünyasını, doğma yurdu Azərbaycana xüsusi bağlılığını əks etdirən 14 əsəri nümayiş etdirilir.
Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı Səlhab Məmmədov, YARAT Müasir İncəsənət Məkanı Sosial və maarifləndirici proqramlar şöbəsinin rəhbəri Ülviyyə Axundova müəllifi təbrik edərək yaradıcılığı ilə bağlı düşüncələrini bölüşdülər.
Rəssamın böyük sevgi və yaradıcılıq məsuliyyəti ilə ərsəyə gətirdiyi əsərlərdən ibarət sərgi həm də inklüziv xarakter daşıyırdı. Burada həmçinin onun görmə qabiliyyəti məhdud insanlar üçün yaratdığı kiçikölçülü rəsmlər – taktil (toxunaraq hissetmə) batika nümunələri sərgilənir və bu eksponatların yanında Brayl əlifbası ilə əsərlərlə bağlı mətnlər yerləşdirilib.
Muzey tərəfindən sərgidə nümayiş olunan əsərlərin kataloqu da çap olunub. Layihənin kuratoru Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovadır.
“Göyün yeddinci qatı” sərgisi aprelin 10-dək davam edəcək.
Qeyd edək ki, Bakıda anadan olan İnna Kostina 1984-cü ildə Moskva Rəssamlıq Məktəbini, 1989-cu ildə isə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan rəssamın əsərləri 30-dan çox ölkədə muzey və qalereyalarda nümayiş etdirilir.
Lalə