Heydər Əliyev Mərkəzindəki sərgi altı ay davam edəcək
Martın 14-də Heydər Əliyev Mərkəzində bəhreynli rəssam Şeyx Raşid əl-Xəlifənin “İlk qığılcım” adlı sərgisinin açılışı keçirildi.
Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qonaqları salamlayaraq bildirdi ki, sərgi mərkəzin dünya mədəniyyəti nümunələrinin təbliği istiqamətində növbəti layihəsidir: “Çağımızda təsviri sənətin parlaq nümayəndələrindən olan, Bəhreyn Kral ailəsinin üzvü, bu ölkənin Milli İncəsənət Şurasının sədri Şeyx Raşid əl-Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması əlamətdar hadisədir”.
Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərginin təşkilini mədəniyyətlərin qovuşmasına töhfə kimi dəyərləndirdi: “Dünyada ayrı-ayrı rəssamlarla görüşmək və onların yaradıcılıq dünyaları ilə tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyətinin dünyada özünəməxsus yeri var. Bu, bir rəssam kimi mənim üçün ən yüksək hissləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm”.
Sərginin kuratorları Stefan Stoyanov və Yasmin Şarabi ekspozisiya haqqında məlumat verdilər. Qeyd edildi ki, sərgidə rəssamın maraqlı əsərləri yer alır. Şeyx Raşid əl-Xəlifə qədimliklə müasirliyi özündə ehtiva edən əsərlər yaradır. Bu nümunələr gələcəyə işıq salsa belə, keçmişi də yaddan çıxarmır.
Raşid əl-Xəlifə isə çıxışında Bakının müasir memarlığının ən gözəl nümunəsi olan mərkəzdə fərdi sərgisinin təşkilindən məmnunluğunu ifadə edərək Heydər Əliyev Fonduna təşəkkürünü bildirdi.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov paytaxtımızda belə sərginin təşkilinin əhəmiyyətini qeyd etdi: “Bizim üçün böyük imkandır ki, belə gözəl və möhtəşəm sərgini Heydər Əliyev Mərkəzində təşkil edə bilmişik. Biz gələcəkdə Bəhreyndə gənc heykəltəraş və rəssamlarımızın birgə mübadilə sərgilərinin təşkilinə çalışacağıq. Düşünürəm ki, gənc heykəltəraş və rəssamlarımız da bundan bəhrələnəcək”.
Sonra qonaqlar rəssamın abstrakt formalı, metal, alüminium və “qabarıq kətan”la eksperimentlərin üstünlük təşkil etdiyi əl işləri ilə tanış oldular.
Qeyd edək ki, 1952-ci ildə Bəhreyn Kral ailəsində anadan olan Raşid əl-Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. Yaradıcılığa peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Onun 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər materiallarla, xüsusilə də “qabarıq kətan”la eksperimentlər üstünlük təşkil edib. 2000-ci illərdə isə alüminiumdan istifadə rəssamın yaradıcılığında əhəmiyyətli yer tutmağa başlayır. Hazırda Bəhreyn İncəsənət Şurasının sədri olan rəssam təsis etdiyi “RAK Art” Fondu ilə gənc rəssamlara dəstək verir.
Heydər Əliyev Mərkəzindəki “İlk qığılcım” sərgisi sentyabrın 10-dək davam edəcək.
Lalə Azəri