“Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqənin müvafiq yaş qrupları üzrə sərgiləri 14, 15, 16, 17 mart tarixlərində paytaxtdakı Xətai Sənət Mərkəzində keçirilir.
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə 21 yaşadək 2000-dən çox uşaq və gənc əl işlərini göndərib. Onlardan 800-dən çox müəllifin rəsm əsəri sərgilənmək üçün seçilib.
Sərginin açılışında Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov müsabiqə barədə məlumat verib. Azərbaycan Dövlət Rəsm Qalereyasının nümayəndəsi Elçin Hüseyn, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehriban İsrafilova və digər çıxış edənlər müsabiqə və sərgidə nümayiş olunan əsərlərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, dörd gün ərzində hər sərgidə 200 rəsm nümayiş olunur. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ideya və kənar müdaxiləsiz əsərlərə üstünlük verilib.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və an azı 5 üzvü ilə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif edilirlər.