Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramı münasibətilə tədbir keçirilib.

AMM-in foyesində təşkil edilən “Bahar nəfəsli Novruz” adlı sərgi ilə tanış olan iştirakçılar Novruz şirniyyatlarına qonaq ediliblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev təbrik sözündə Türk dünyası ölkələrində qeyd olunan Novruzun xalqlarımızı birləşdirən bir dəyər olduğunu söyləyib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov da milli bayramın ortaq qeyd edilməsinin bizim nə qədər yaxın tarixi-mədəni köklərə sahib olmağımızın əyani sübutu olduğunu vurğulayıb.

Çıxışlardan sonra Azərbaycanda Novruz bayramının qeyd olunmasını əks etdirən film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində AMM-in nəzdində fəaliyyət göstərən Əməkdar artist Kaykep Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblı çıxış edib. Azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova, beynəlxalq mükafatlar laureatı Sarvinoz Kamalova tərəfindən Azərbaycan və özbək mahnıları ifa olunub.