Martın 21-də XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri, Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasının 117-ci ildönümü tamam oldu. Böyük ədibin xatirəsi doğma ocağında yad olundu.

Səməd Vurğunun Ev-Muzeyinin direktoru – şairin nəticəsi, tanınmış pianoçu Vurğun Vəkilov tədbir iştirakçılarını salamlayaraq mədəniyyət ocağı haqqında qısa məlumat verdi. Diqqətə çatdırdı ki, ev-muzeyi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1974-cü ildə təşkil edilib. 1975-ci il oktyabrın 6-da muzeyin təntənəli açılışı olub. Muzeyin zəngin fondunda Səməd Vurğunun həyat və yaradıcılığına aid dəyərli eksponatlar qorunub saxlanılır.

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov şairin Azərbaycan ədəbiyyatı tarixində xidmətlərindən danışdı. Bildirdi ki, Səməd Vurğunun yaradıcılığı Azərbaycan xalqının tarixi, mədəniyyəti və azərbaycançılıq məfkurəsi ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük şairin yaradıcılığına həmişə önəm verib. Onun “Azərbaycan” şeirinin misralarını yüksək kürsüdən xüsusi şövqlə söyləyib.

Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas İntiqam Qasımzadə qeyd etdi ki, Səməd Vurğun xalqımızın zəngin söz xəzinəsindən məharətlə bəhrələnərək XX əsr Azərbaycan poeziyasına xüsusi çalarlar gətirib. O, eyni zamanda görkəmli dramaturq olub. Uzun illər teatr səhnələrində oynanılan “Vaqif” dramı tamaşaçıların böyük rəğbətini qazanıb.

Yazıçı-publisist Məti Osmanoğlu, Dövlət İdarəçilik Akademiyasının müəllimi Murad Həsənxanlı və başqaları çıxış edərək Səməd Vurğunun yaşadığı dövrlə bağlı, eləcə də tarixi mövzularda yazdığı əsərlər haqqında söz açdılar. Qeyd olundu ki, ədəbiyyatımızın şeriyyət və ahəngini dərindən duyan şair ədəbiyyatla xalq arasında qırılmaz bağlılıq yaradıb.

Çıxışlardan sonra təqdim edilən bədii proqramda Sevda İbrahimovanın “Bir diyarın eşqinə” (söz: Səməd Vurğun) mahnısı (vokal: Əməkdar artist İlham Nəzərov), Səid Rüstəmovun “Getmə, getmə, gəl!...” (caz-pianoçu Nicat Aslanov), Azər Dadaşovun “El bilir ki, sən mənimsən!” (violin: Ümidə Abbasova) əsərləri, Qara Qarayevin “İnsan məskən salır” kinofilminə yazdığı musiqi (piano: Vurğun Vəkilov) səsləndirildi, qiraətçilər şairin şeirlərini oxudular.

S.Fərəcov