Martın 21-i saat 01:24-də Azərbaycana yaz fəsli daxil olub. Şamaxı Astrofizika Rəsədxanasının və Bakı Dövlət Universiteti Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına əsasən, Azərbaycanda yaz gecə-gündüz bərabərliyi məhz bu zaman baş verib. Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin vaxtdan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayıb. Cənub yarımkürəsinə isə artıq payız gəlib.

Beləliklə, bu gün ölkəmizdə yaz fəslinin ilk günüdür. Astrofiziklərin hesablarına görə, bu il yaz fəslinin müddəti 92 gün 17 saat 33 dəqiqə olacaq.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 18:57-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəsli 93 gün 15 saat 52 dəqiqə sürəcək.

2023-cü ilin payız fəslinin Azərbaycana daxil olması (payız gecə-gündüz bərabərliyi) 23 sentyabr saat 10:49-a, qış fəslinin (Qış günəş duruşu) başlanması isə dekabrın 22-si saat 07:27-yə təsadüf edəcək.