Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında “Çay dəsgahı” adlı yeni kitab-albom işıq üzü görüb. Azərbaycan və ingilis dillərində nəşr edilən kitabın elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlı, elmi məsləhətçi tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova, müəllif Fatma Qəniyevadır.

Kitab-albomda Azərbaycan xalqının məişət həyatında mühüm rol oynayan çay mədəniyyəti, o cümlədən XIX-XX əsrin əvvəllərinə aid sənətkarlıq nümunələri elmi-nəzəri baxımdan təqdim olunur. Nəşrdə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında mühafizə olunan 200-ə yaxın maddi-mədəniyyət nümunəsi xüsusi təsnifat üzrə qruplaşdırılıb. Bu təsnifata əsasən metal əşyalar, çini məmulat, tikmə nümunələrindən süfrələr, fərqli tərtibat və təyinata malik qablar əhatəli şəkildə araşdırılıb. Bundan əlavə, kitabda ilk dəfə samovarların, çayniklərin, çini qabların istehsal olunduğu fabriklər və onların möhürləri haqqında məlumat yer alıb.

Kitab-albomda muzeyin fondlarında mühafizə olunan müxtəlif tanınmış şəxsiyyətlərin – şairə Xurşidbanu Natəvanın, yazıçı-dramaturq M.F.Axundzadənin, yazıçı və maarif xadimi Rəşid bəy Əfəndiyevin ailələrinə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anası Şirin xanıma, xalçaçı-rəssam Lətif Kərimova, AMEA-nın müxbir üzvü Xudu Məmmədova, Bakının nüfuzlu ziyalılarından Ağaşərif Aşurbəyova məxsus olmuş çay müxtəlif məişət əşyaları haqqında da geniş məlumat verilib.

Qeyd edək ki, muzeyin yeni nəşri Azərbaycan maddi-mədəniyyətini tədqiq edənlər, həmçinin geniş oxucu kütləsi üçün əhəmiyyət kəsb edir.