Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşəbbüsü, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan və Tacikistanın səfirlikləri və “Amerika Xarici Xidmətinin Dünya üzrə Tərəfdaşları” adlı qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə ABŞ Dövlət Departamentində Novruz bayramına həsr edilmiş tədbir təşkil olunub.

ABŞ dövlət katibinin müavini Vendi Şerman Prezident Co Bayden və Amerika xalqının adından dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib. ABŞ müdafiə nazirinin köməkçisinin müavini Rebekka Zimmerman və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Anjali Kaur da tədbiri təşkil edən səfirliklərə təşəkkürünü bildirərək Novruzun qeyd edildiyi regionlarda yaşayan xalqlara təbriklərini çatdırıblar.

Çıxışlardan sonra Qazaxıstanın “Turan” ansamblı tərəfindən təşkilatçı ölkələrin milli musiqisi səsləndirilib. “İpək Yolu” rəqs qrupu tərəfindən hər ölkəyə məxsus milli rəqslər nümayiş etdirilib.

Tədbirdə ölkəmizin mədəniyyətinin əks olunduğu guşə nümayiş etdirilib və milli mətbəximizin nümunələri iştirakçılara təqdim olunub.