Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Humanitar Əməkdaşlıq Mərkəzinin nümayəndələri və "Simurq" Azərbaycan Gəncləri Birliyi tərəfindən Novruz bayramı münasibətilə konsert təşkil olunub. Tədbirdə rus, özbək, tacik, türkmən, Azərbaycan, Dağıstan xalqlarının nümayəndələri iştirak ediblər.
Rəngarəng konsert proqramının solistləri arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının vokal ixtisası üzrə birinci kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov da iştirak edib. Onun ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı alqışlarla qarşılanıb.
Digər ifaçılar – Mədinə Abbasova, Fəridə Qasımova, İslam Səmədov, Yelizaveta Bıkova, Gözəl Avqanova və "Xarıbülbül" folklor qrupu tərəfindən təqdim olunan mahnı və rəqslər gecəni daha da zənginləşdirib.
Tədbirin sonunda milli yeməklər təqdim olunub. Uşaqlar üçün Novruzun personajları – Kosa, Keçəl və Bahar qızın iştirakı ilə oyun proqramı da təşkil edillib.