Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində paytaxtda fəaliyyət göstərən səkkiz teatrın bölgələrə qastrol səfərləri davam edir.

Qastrol layihəsi üzrə Şuşa Dövlət Musiqili Dram Teatrı martın 23-də Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” (1850) komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib.

Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi səhnə əsəri qusarlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, M.F.Axundzadənin (1812-1878) 200 illik yubileyi münasibətilə Şuşa teatrının hazırladığı tamaşanın premyerası 2012-ci il iyunun 25-də gerçəkləşib. Teatrın ilk xarici qastrol səfəri də bu tamaşa ilə olub. Kollektiv 2013-cü ildə Tatarıstanın (RF) Kazan şəhərində keçirilən Türkdilli xalqların “Novruz” XI Beynəlxalq Teatr Festivalında bu səhnə əsəri ilə çıxış edib. Bundan əlavə, teatr 2014-cü ildə I Şəki Beynəlxalq Teatr Festivalına da bu tamaşa ilə qatılıb.

Kollektivin “Şuşa İli”ndə (2022) mədəniyyət paytaxtımızda 30 illik işğaldan sonra oynadığı ilk tamaşa da “Lənkəran xanının vəziri” olub.