Azərbaycanın Macarıstandakı Səfirliyi, Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Respublikası Gənclər Fondu, “Silk Way” Tələbə Fondu və “Barsz” Macarıstan-Qazaxıstan Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Gənclərin İnteqrasiya və İnkişaf Assosiasiyasının (AYID) təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeştdə “Yeni gün” adlı Novruz şənliyi keçirilib.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, həmçinin tatar və çuvaş icmalarının nümayəndələri Türk dünyasının ortaq tarixini və zəngin mədəniyyətini əks etdirən bədii proqramla çıxış ediblər.

Tədbirin açılışında Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış edib. O, ortaq türk tarixi, mədəniyyəti, adət-ənənələri və dəyərlərinin təbliğində azərbaycanlı gənclərin rolundan söz açıb.

Sonra AYID üzvü Nazim Musabəylinin müəllifi olduğu “Yeni gün” tamaşası nümayiş etdirilib. Novruz bayramının personajlarından Keçəl, Xan oğlu, Bahar qızı, Od baba, Yel baba, Yayıq xan və Torpaq ananın yer aldığı tamaşa maraqla qarşılanıb.

Tədbirin sonunda Türk dünyası mətbəxinin təamlarından ibarət süfrə açılıb.