Heydər Əliyev Sarayının səhnəsində 22-23 mart tarixlərində “Cırtdan və dostlarının Novruz macəraları” adlı bayram şənliyi keçirilib.

Saraydan bildirilib ki, hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olublar. Cırtdan və onun dostları oğurlanmış Bahar qızı xilas edərək yazın gəlişini coşqu ilə qeyd ediblər.

Bundan əlavə, uşaqlar Kosa və Keçəlin məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışlarını izləyiblər.

Novruz şənliklərinə gələn uşaqlar foyedə Kosa, Keçəl və digər nağıl qəhrəmanları ilə fotosessiya etmək imkanı da əldə ediblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təqdim olunan bayram proqramında ənənəvi olaraq Heydər Əliyev Sarayı tərəfindən Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin uşaqlarına, uşaq evlərinin sakinlərinə, fiziki məhdudiyyətli uşaqlara təmənnasız yerlər ayırıb.