Novosibirsk şəhərində keçirilən X Transsibir İncəsənət Festivalı çərçivəsində Azərbaycanın Rusiyadakı səfiri Xalq artisti, görkəmlı müğənni və bəstəkar Polad Bülbüloğlunun “Skripka ilə orkestr üçün konsert”inin premyerası olub.

Əsər martın 23-də Novosibirsk Filarmoniyasında (A.M.Kats adına Dövlət Konsert Zalı) məşhur skripkaçı Vadim Repin və Novosibirsk Akademik Simfonik Orkestrinin (dirijor Sergey Skripka) ifasında səslənib.

Polad Bülbüloğlu bu əsəri məxsusi olaraq virtuoz skripkaçı Vadim Repin üçün bəstələyib.

Novosibirsk Filarmoniyasının mətbuat xidməti premyera öncəsi V.Repinin sözlərini sitat gətirib: “Bu konsert bizim Poladla uzunillik dostluğumuzun nəticəsidir. Zənnimcə, o, çox açıq, gözəl, bəzi məqamlarda harmonik gözlənilməz çalarlı və məntiqli, nizamlı alınıb. Mən bu əsəri çox yüksək qiymətləndirirəm və ümidvaram ki, o, planetin müxtəlif yerlərində səslənəcək”.

Bu il yubileyini qeyd edən Transsibir İncəsənət Festivalı skripkaçı Vadim Repinin müəllif layihəsidir. Sayca onuncu festival 8 mart – 6 aprel tarixlərində Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Mədəni Təşəbbüslərin Prezident Fondu və Novosibirsk Vilayəti Hökumətinin dəstəyi ilə “Mədəniyyət” milli layihəsi çərçivəsində gerçəkləşir. Festivalın konsertləri Novosibirsk, Krasnoyarsk, Barnaul, Omsk və Sibirin digər şəhərlərində təşkil edilir.

Martın 23-də keçirilən konsertdə Polad Bülbüloğlunun əsəri ilə yanaşı fransız bəstəkar Şarl-Kamil Sen-Sansın skripka və orkestr üçün “İntroduksiya və rondo kapriççiozo”su və rus bəstəkar Nikolay Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası da səslənib.