Fətəli xan küçəsi ilə üzüaşağı, Quba meydanına doğru gedirdim. Qarşıdan ağır-ağır gələn ağbirçək qadına yaxınlaşanda bir-birimizi tanıdıq. Vaxtilə Quba Dövlət Dram Teatrında çalışan, teatr bağlanandan sonra fəaliyyətini qonşu Dağıstanda, Dərbənd Dram Teatrında davam etdirən, Dağıstanın Xalq artisti Düriyyə Rəhimova idi. Hər dəfə Qubaya gələndə bizim Mədəniyyət evinə təşrif buyurur, hal-əhval tutur, yaradıcılıq işlərimizlə maraqlanır, tövsiyələrini verirdi. Budəfəki gəlişindən xəbərim yox idi.

– Nə yaxşı görüşdük. Deyəsən, bir az qayğılı görünürsünüz. Hara gedirsiniz?

– Çox qocalmışam, oğlum. Dedim bir doğma yurdumu gəzim. Bəlkə heç bir də Qubaya yolum düşmədi. Təskinlik verməyə çalışma. Yaş öz işini görür. Artıq ömrün qürub çağıdır. İstəyirəm Qubaya doyunca baxım.

– İndi hara gedirsiniz belə?

– Keçmiş Quba teatrının yerləşdiyi binaya baxmaq istəyirəm. Ömrümün gənclik çağları o teatrda keçib. 

– Olar ki, mən də sizinlə gəlim?

– Nə deyirəm, gedək.

Sülh küçəsinə dönüb “Sevinc” sarayına doğru addımladıq. Quba teatrı o zaman Mədəniyyət evi olan bu binada fəaliyyət göstərmişdi. Sonralar bura şadlıq sarayına çevrilmişdi. Son illərdə isə müasirtipli, daha çox tutumlu saraylar inşa olunduğundan indi bu qədim binaya gedib-gələn yox idi. Düriyyə xanım sözə başladı:

– Azərbaycanın ilk bölgə teatrı olan A.Bakıxanov adına Quba Dövlət Dram Teatrı bax bu binada fəaliyyətə başlayıb. O vaxtlar bura Voroşilov adına klub idi. Onu da deyim ki, Qubada hələ 1890-cı illərin axırlarında teatrlaşdırılmış kiçik səhnəciklər hazırlanırdı. 1940-cı ildə həmin bu Voroşilov klubunda kolxoz-sovxoz teatrı yaradıldı. 1946-cı ildə kolxoz-sovxoz teatrı dövlət dram teatrına çevrildi və teatra A.Bakıxanovun adı verildi. O vaxt mən yeniyetmə uşaq idim. “Sevil”, “Arşın mal alan”, “Ər və arvad” tamaşalarına həvəslə gedib tamaşa edirdim. Sonralar bu sənətə elə bağlandım ki, özümü teatrsız, tamaşasız təsəvvür edə bilmədim. Quba teatrında 50-yə yaxın obrazı canlandırmışam.

 

Sarayın qədim, möhkəm qapıları bağlı idi. Gözətçidən içəri keçmək, otaqlara və zala baxmaq üçün qapıları açmağı xahiş etdim. Etiraz eləmədi. Yəqin sarayda nəsə mərasim, tədbir hazırlamaq fikrində olduğumuzu düşünmüşdü. İçəri daxil olduq. Düriyyə xanım dəhlizin divarlarındakı qədim naxışlara, pəncərələrə, qapılara həyəcanla baxırdı. Sarayda müasirliklə yanaşı qədimlik də diqqəti cəlb edirdi. Elə yaşlı aktrisanı həyəcanlandıran da bu naxışlar, qapılar, otaqlar idi.

– Bax, bura qrim otağımız idi. Səhnəyə giriş isə bax bu qapıdan idi.

Zala daxil olduq. Səhnə bəy-gəlin və musiqiçilər üçün uyğunlaşdırılmışdı. Lakin səhnənin arxa divarındakı barelyef formalı teatr təsvirləri, görünür, həmin dövrdən qalmışdı. Düriyyə xanım da bu təsvirlərə baxa-baxa üzü səhnəyə doğru oturacaqların birində əyləşdi.

– Bəs teatr niyə bağlandı?

Dərindən ah çəkdi. Əllərini sinəsində çarpazlayıb xeyli susdu.

– Teatrda erməni əsilli, “Anik” ləqəbli Anahida Şaginyan adlı aktrisa vardı. Nədənsə teatrda oynanılan bütün müsbət rollar, baş rollar Anikə verilirdi. O, teatrda çalışan digər xalqların nümayəndələrinə kin və nifrət bəsləyirdi. Bir gün o teatrın müdiri Məmmədağa ilə evləndi. Elə o vaxtdan da teatrın qara günləri başladı. Sonralar görkəmli aktyorlar kimi tanınan Səyavuş Aslan, Ofeliya Aslan, Məcnun Hacıbəyov, Azərbaycan səhnəsinin böyük rejissorlarından olan Ağakişi Kazımov gənclik illərində Quba teatrında çalışıblar. Bundan başqa, Gülsüm Fərəczadə, Məmməd Əhmədov, Mustafa Süleymanov, Cavanşir Əhmədov, Metetya Ravinov, Əli Cəfərov kimi istedadlı aktyorlarımız da var idi. Şaginyanın tamahkarlığı teatrımızın bağlanmağına səbəb oldu.

 

Ağbirçək aktrisanın gözləri dolmuşdu. Elə bu vaxt zala ağsaçlı, möhkəm cüssəli bir kişi daxil oldu. Rəsmi, səliqəli geyinmişdi. Çöhrəsindən ziyalı olduğu bəlli idi. Gümrah səslə salam verib ətrafa, səhnəyə, divardakı və tavandakı qədim təsvirlərə tamaşa etdi.

– Qubaya elmi konfransa gəlmişdim. Konfransdan sonra dedim bir keçmiş Quba teatrının binasına baş çəkim. Bu bina mənə həm Quba teatrını, həm də gəncliyimi xatırladır.

– Tanıdım. Məşhur teatrşünas alim, professor İnqilab Kərimov idi. Hörmətlə salamlaşıb tədqiqatlarını həvəslə oxuduğumu bildirdim.

– Heykəl kimi donub qalan qadına diqqətlə baxıb dedi:

– Olmaya siz Düriyyə Rəhimovasınız?

– İnqilab müəllim, səsiniz elə gəncliyinizdəki gurluğunda qalıb. Əcəb işdir, siz də, mən də bu gün təsadüfən Quba teatrını yad etmək üçün buraya gəlmişik.

– Hə, mən bu teatrda sizin oynadığınız rollara tamaşa etmişəm. O vaxt bir neçə dəfə teatrşünas kimi Quba teatrına ezam olunmuşam. Heç yadımdan çıxmaz, 1962-ci ilin əvvəlləri idi. “Azərbaycan gəncləri” qəzetinin redaktoru tanınmış jurnalist, yazıçı Cəmil Əlibəyovla onun iş otağında görüşdüm. Quba Dövlət Dram Teatrındakı özbaşınalıqdan bəhs edən çoxlu imzasız şikayət məktublarını göstərib dedi: – Bu səpkili məktubların arası kəsilmir. Xahiş edirəm, Qubaya gedib bu imzasız məktublarda yazılanları yoxlayasan. Məsəl var deyərlər, od olmasa, tüstü çıxmaz. Razılaşdım, ezamiyyə vərəqini götürüb, səhəri günü avtobusla yola düşdüm. Gündüz saat üçdə Qubaya yetişib birbaş teatra getdim. Gözətçidən başqa heç kəs yox idi. Gözətçi: – Ay oğul, – dedi, – Məmmədağa (teatrın direktorunu deyirdi) iki gündür ki, İrəvana qaynının ad gününə gedib. Ona görə də tamaşalar təxirə salınıb, axı tamaşadakı əsas rolları Məmmədağanın arvadı Şaginyan ifa edir. Yəqin ki, bu gün olmasa da, sabah gələr. Aktyorlar da yəqin ki, bağdakı çayxanada olarlar. Səhər teatra gələndə məni 45-50 yaşlarında ucaboylu, möhkəm bədənli, qarabəniz bir nəfər qarşıladı, gülə-gülə əl uzadıb: – Məmmədağa, – dedi və mənə imkan vermədən, – Ə kişi, gəlişin barədə bir xəbər vereydin də, heç yaxşı olmadı. Sonra yan otaqdan bir nəfəri çağırıb: –Tez get Cəfər kişiyə de günortaya yaxşı yemək hazırlasın, hörmətli qonağım var.

Yarıciddi, yarızarafatla soruşdum: – Hardan bildin ki, hörmətliyəm, biz ki ilk dəfədir görüşürük? Mən hələ özümü təqdim etməmişəm. Bic-bic qımışdı: – Ay pir olmuş, – dedi, – bunu bilməyə nə var ki? Gözətçi ucundan-bucağından mənə danışıb. Əsası budur ki, mənim gözlərim sərraf gözləridir. “Vaqif” əsərini, görünür, yaxşı bilirsiniz. Bilirsiniz, “Vaqif” əsərini özüm tamaşaya hazırlamışam. Qacar rolunun ən yaxşı ifaçılarından hesab olunuram, – dedi. Gülümsədim. Qolumdan tutub: – Gedək mənim kabinetimə, sənə pürrəngi, mürəbbəli çay təşkil edim, – dedi.

– Yox, – dedim, – teatrın səhnəsinə, qrim otaqlarına baxmaq istərdim. Etiraz etmədi, tamaşaçı salonuna, qrim otağına, səhnəyə baxıb, paltar saxlanan otağa keçdik. Geyimlər kif iyi verirdi. Foyeyə keçdik. – Bu gün hansı tamaşanı göstərəcəksiniz – sualım elə bil onu arı kimi sancdı. Hirsini zorla boğub: – Bu gün tamaşa olmayacaq, “Qatır Məmməd” tamaşasını göstərməliydim. Yasəmən rolunu oynayan aktrisa xəstələndiyi üçün göstərə bilməyəcəyik, – dedi.

Soruşdum: – Rolun ikinci ifaçısı yoxdur? – Canım nə qoyub, nə axtarırsan, bura Bakıdakı Dövlət Dram Teatrı deyil ki, aktrisalar rol üçün növbəyə dursun. Bir də ki, Yasəmən rolunu oynayan aktrisa Şagınyandan sonra bu rolu kimə etibar etmək olar? Əslində, Şaginyan özü də buna razı olmaz, teatrın altını üstünə çevirər. Bir neçə gün bundan əvvəl Bakıdan bir neçə gənc göndəriblər. Biri rejissordu – Ağakişi (Xalq artisti Ağakişi Kazımov), biri aktyordur – Səyavuş adında (Xalq artisti Səyavuş Aslan), bir də aktrisadır, deyəsən, Səyavuşun arvadıdı (Ofeliya Əfqanlı-Aslan). Nə bacarıq var, nə istedad, gəl ki iddiaları yerə-göyə sığışmır. O gün ağzından süd iyi gələn o aktrisa gör mənə nə deyir: “– Məmmədağa müəllim, məni Şaginyana dublyor yazın da, axı 50 yaşlı qadın nə vaxta kimi 18-20 yaşlı qız rollarını oynayacaq? Elə bil dünya başıma hərləndi; qonaq olmasaydı, cavabını verərdim. Ağakişi də mən hazırlayan tamaşaları bəyənmir, deyir primitivdir. Gördüm yox, bu uşaqlarla bir iş görmək olmaz. Dedim necə gəliblər, eləcə də getsinlər.

Mən Ağakişinin də, Səyavuşun da, Ofeliya xanımın da istedadına bələd idim. Bu gənclərin böyük gələcəyinə inanır və ümid bəsləyirdim. Ancaq Məmmədağanın “necə gəliblər, eləcə də getsinlər” fikrinə ürəkdən razı idim. Çünki Məmmədağanın danışıq və rəftarından hiss edirdim ki, onlar burada “bataqlığa düşən adam kimi” məhv olub gedəcəklər. Bir qədər sonra teatrın tanınmış, qabaqcıl aktyorlarından Əli Cəfərov (görkəmli filoloq-alim Əkrəm Cəfərin qardaşı oğlu) və Mustafa Süleymanov (sonralar Azərbaycan Dövlət Akademik Dram Teatrında işlədi) gəldilər. Məmmədağa dil boğaza qoymurdu. Aktyorlar isə susur, narazılıq işarəsi olaraq başlarını yırğalayırdılar. Mən aktyorlarla ayrılıqda söhbət etməyi vacib bildim. Fürsət tapıb görüşdüm. Əli Cəfərov da, Mustafa Süleymanov və digər aktyorlar da bir ağızdan bildirdilər ki, bu teatrda heç bir qayda-qanun, nizam-intizam yoxdur, yaradıcılıq işi barədə düşünülmür. Özbaşınalıq hökm sürür, Məmmədağa milliyətcə erməni olan arvadı Şaginyanın dediyi ilə durub-oturur, teatrda direktor Məmmədağa yox, arvadı Şaginyandır. Rolları da o bölür. Cavan qız, qadın rollarını özünə götürür. Elə olur ki, tamaşada ana qızından cavan görünür. Məsələn, “Qatır Məmməd” tamaşasında Gülcamal rolunu Şaginyan, onun anasının rolunu 23 yaşlı cavan aktrisa ifa edir. “Vaqif” tamaşasında Şaginyan Xuramanı, cavan aktrisa Gülxarın anası Əminə rolunda çıxış edir. Özü də iş burasındadır ki, o özünü elə qrim edir ki, səhnədə daha cavan və gözəl görünsün. Məmmədağanın 11 yaşında oğlu tamaşanın ən dramatik yerində iti səhnəyə çıxarıb onunla əylənir, soskanı (əmzik) su ilə doldurub paltarların üstünə tökür. Maaşlarımız vaxtı-vaxtında, həm də tam şəkildə verilmir. Aktyorlar, texniki işçilər Quba Dövlət Dram Teatrında irili-xırdalı nöqsanlardan, tez-tez baş verən xoşagəlməz hadisələrdən ürək yanğısı ilə yana-yana danışdılar. Teatrdakı bu nöqsanlara son qoyulması diləyi ilə Məmmədağa ilə görüşdüm. Eşitdiyim şikayətləri ona deməyə başlamışdım ki, o:

– Pah atonan, indi gəl bu məxluqa yaxşılıq elə. Ə kişi, onların əyinlərindəki qostyumları da mən almışam. Çox həyəcanlı olduğu üçün (hər halda o özünü belə göstərirdi) söhbəti kəsdim, aktyorların yanına gəlib:

– Deyirsiniz ki, maaşlarınız vaxtlı-vaxtında verilmir, həm də ondan müəyyən bəhanə ilə kəsirlər. Əyninizdəki kostyumu da o alıb ki? – dedim. Əli Cəfərov başını buladı; Mustafa Süleymanov:

– Düz deyir o alıb. Ancaq necə? Getmişdik qostrola. Əynimizdəki qastyum sökülüb dağılırdı, boynu, qolları çox işləndiyindən elə sökülmüşdü ki, ipləri çıxıb, astarı görünürdü. Ağdaş rayonunda olanda bizi mağazaya aparıb hərəmizə 880 manata bir qastyum aldı. Altı aydır 880 manatı üç dəfə ödəmişik, hələ də borcundan çıxa bilmirik ki, bilmirik. Doğrusu, ürəyimdə kədərə bürünmüş bir nifrət oyandı. Kədər cəfakeşliklə həyatda və səhnədə bir iş görmək, insanlara xidmət etmək istəyi ilə yaşayan, fəqət yalnız öz mənfəətini güdən nadan, cahil bir müdir əlində yazıqlaşan, fağırlaşan aktyorların vəziyyətindən doğmuşdu; nifrət isə öz milli mənliyini dərk etməyən, bir erməni qadının hikkəli, hegemon, rəftarına rəğmən hərəkət edən savadsız, düşüncəsiz, mənəviyyatsız bir teatr direktoruna yönəlmişdi. İstədim gedib onu rüsvay edim, yenə də səbirli olmağa üstünlük verdim. İş otağına gəlib dedim: – Hörmətli direktor, mən teatrın aktyorları, texniki işçiləri ilə xeyli söhbətdən sonra inandım ki, teatrda vəziyyət çox pis haldadır, hamı sizdən şikayətçidir. Arvadınızın hikkəsi, hegemonluğu, oğlunuzun şıltaqlığı hamını təngə gətirib. Bəlkə... Mən danışdıqca dişini qurdalayan, qulağının dalını qaşıyan, hiyləgərcəsinə gülümsəyən direktor söz bu yerə çatanda ilan vurmuş adam kimi yerindən qalxıb, hirslə: – Bilirsən nə var, hər kim, hər nə deyir, desin mənim vecimə deyil. Sən də cavan oğlan, eşit, bura Məmmədağa teatrıdır. Vəssalam. Məni heyrət bürüdü, bir söz demədən otaqdan çıxdım; istədim həmin an Bakıya qayıdam, aktyorlara verdiyim söz yadıma düşdü. Onlar xahiş etmişdilər ki, axşam “Qatır Məmməd” tamaşasına baxım. Baxdım. Heç bir tənqidə dözməyən bu zəif, solğun tamaşa məni heyrətə saldı. Hündürboylu, əndamlı Şaginyan kobud hərəkətləri, qulaqbatıran gur, heybətli səsi ilə obrazı gülünc bir vəziyyətə salmışdı.
Bu gülünclük Gülcamalın Qatır Məmmədlə (artist Mustafa Süleymanov) görüşü, söhbəti zamanı daha da şiddətlənirdi. Tamaşadan sonra Məmmədağa mənə yaxınlaşıb heç bir şey olmamış kimi: – Mənim, səndən yaxşı olmasın, bir dostum var. O, mənim sənin kimi hörmətli qonağım gəlməsi münasibətilə qoyun kəsib, süfrə düzəldib. İndi gedirik ora, çörək kəsək, yeyək-içək. Bu fərsiz, demaqoq aktyorlar da imkan vermədilər ki, bütün gün ərzində bir çörək kəsək, – dedi. Ciddi və ötkəmliklə: – Yox, gedə bilmərəm, səninlə çörək kəsmək qəbahətdir, hətta günahdır, – dedim. Sonra əlavə etdim: sən düz deyirsən, mən səhərdən heç nə yeməmişəm, yorğunluq və aclıq hiss edirəm. Təbii ki, mən bir
şey yeməliyəm. Buralarda harda bir loğma çörək yemək olar?

Məmmədağa mənim sözlərimin mənasına əhəmiyyət vermədən, hey ziyafətə getməyimi israrla xahiş edirdi. Birdən gündüz gördüyüm bir köşk yadıma düşdü, orada  konservləşdirilmiş balıq diqqətimi cəlb etmişdi. Oraya doğru addımladım. Məmmədağa məndən əl çəkmirdi.

Xoşbəxtlikdən gec olmasına baxmayaraq, köşk açıq idi. Bir qutu konservləşdirilmiş balıq açdırdım, tez də pulunu verdim. Mən yeməyə başlayanda Məmmədağa da məzə üçün mənə qoşuldu.

– Məmmədağa, mən səninlə çörək kəsmirəm ha, aclığımı dəf edirəm, çörək kəsmək çətin və məsuliyyətli işdir. Oradan mehmanxanaya tərəf yollandım. Yolboyu Məmmədağa heç nə demirdi, ürəyində yəqin fikirləşirdi ki, “gecənin xeyrindən, səhərin şəri yaxşıdır”. Sabah hər şeyi yoluna qoyar. Mən isə səhər tezdən Quba-Bakı marşrutu ilə işləyən avtobusla yola düşdüm. Ertəsi gün Quba Dövlət Dram Teatrındakı vəziyyəti yerli-yataqlı “Azərbaycan gəncləri” qəzetinin redaktoruna və işçilərinə danışdım. “Xalq teatrlarından da bir addım geri” adlı məqaləm həmin qəzetdə çap olundu. Məqalə qəzetdə çap olunandan iki gün sonra işə gedirdim. O zaman mən Nəriman Nərimanov heykəli qoyulan yerdən təxminən 200 metr aralıda – 1-ci “Xreptovı” deyilən küçədə yaşayırdım. Çalışdığım Memarlıq və İncəsənət İnstitutu isə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin binasında yerləşirdi. Bu yolda tramvay işləyirdi. Tramvaya mincək Məmmədağaya rast oldum. O, irişə-irişə, həm də rişxəndlə: – Nə olsun ki, yazdın, ona baxan kimdi, – deyib məndən aralaşdı. Varlığımda naxoş bir duyğu hiss etdim. Fikir məni götürmüşdü. İnstituta çatcaq Respublika Mədəniyyət Nazirliyi İncəsənət işləri idarəsinin sədr müavini Hüseyn Əhmədov zəng edib dedi ki, dünən Məmmədağa gəlmişdi nazirin yanına, otağa qəmli girib, sevincək çıxdı. Vaxt itirmədən nazirliyə getdim. Köməkçisinin narazılığına, müqavimətinə baxmayaraq, nazir Məmməd Qurbanovun iş otağına daxil oldum. Bu hərəkətim, təbii ki, nazirin narazılığına səbəb oldu.

– İcazəsiz nazirin otağına daxil olmaq xoşagələn iş deyil, – dedi, Bax istəsəm indi mən səni dinləmədən otaqdan çıxarda bilərəm.

– Doğru deyirsiniz, yoldaş nazir. Mən vaxtilə bir il sizin işçiniz olmuşam. Xasiyyətim, tərbiyəm haqda yəqin ki, məlumatınız var. Məni bu cür xoşagəlməz hərəkətə vadar edən ümumi işimizə, mədəniyyətimizə, xüsusilə teatr sənətimizə ziyan toxunduran halların nazirlik tərəfindən müdafiə olunmasıdır.

Söz bu yerə çatanda nazir fikrə getdi. – Necə yəni ziyanlı halların bizim tərəfimizdən müdafiə olunması, bu nə cəfəngiyatdır? – Hörmətli nazir, buna necə qiymət vermək lazımdır ki, mən Quba Dövlət Dram Teatrına gedib, oradakı əyintiləri, özbaşınalıqları görüb bu barədə qəzetdə məqalə çap etdirirəm. Teatrın direktoru cəzalandırılmalı olduğu halda, sizin yanınıza gəlib otağınızdan gülə-gülə, sevincək çıxır, tramvayda mənə rast düşdükdə “nə olsun ki, yazdın, kimdi ona fikir verən” deyə təkəbbürlü halda rişxənd edir. Nazir xeyli susdu, sonra: – O sənə elə beləmi dedi? Dedim: – Bəli. Düyməni basıb, köməkçisini çağırdı, incəsənət işləri idarəsinin sədrini istədi. Tapşırdı ki, bir həftədən sonra nazirliyin kollegiyası çağırılsın. Quba Dövlət Dram Teatrının işi müzakirə olunacaq. O vaxta kimi iki nəfəri Qubaya ezamiyyətə göndərin. Həmin teatrın işi barədə ətraflı arayış hazırlasınlar. Kollegiyaya bütün teatrların direktorları çağırılsın. Ədil İskəndərovu, Mehdi Məmmədovu, Tofiq Kazımovu, vaxtilə bizim işçimiz olan bu cavan oğlanı da dəvət edin.

Kollegiyada Məmmədağanın iş üsulunu möhkəm tənqid atəşinə tutdular, teatrın pis vəziyyətdə, aşağı səviyyədə, ölü vəziyyətində olduğunu söylədilər. Demə çox adam bu teatrın vəziyyətindən narazı imiş, ancaq heç kəs birinci danışmaq istəmirmiş. Qərara alındı ki, Quba Dövlət Dram Teatrı bağlansın.

 

İnqilab müəllim danışdıqca Düriyyə xanım da xatirələrə dalır, həmin günləri yada saldıqca gözləri dolurdu. – Bilirsinizmi, teatr bağlananda biz qastrolda idik – Qaxda. 1962-ci ilin soyuq günlərindən biri idi. Biz teleqram aldıq və sarsıldıq. Məmmədağa nazirliyə zəng vurdu, amma bir faydası olması. Avtobusda hamımız sarsıntı keçirir, kədərlə Qubaya qayıdırdıq...

 

Üçümüz də dərin düşüncələrə dalmışdıq. İnqilab müəllim birdən ayağa qalxıb getməli olduğunu bildirdi. Bir addım atıb birdən geri döndü, Düriyyə xanıma diqqətlə baxıb üzünü mənə tərəf döndərdi:

– Cavan oğlan, Qubanın teatr ənənəsi var. Çalışın bu ənənəni davam etdirin. Qubada teatr bərpa olunmalıdır. Özü də müasir, peşəkar bir teatr!

Bunu deyib iti addımlarla zaldan çıxdı və bizi tərk etdi. Sağollaşarkən Düriyyə xanım da yaxınlıqda olan qardaşıgilə gedəcəyini bildirib ayrıldı. Ayrılarkən İnqilab müəllimin Quba teatrı haqqında dediyi bu sözlər isə həmişəlik yaddaşıma həkk olundu və getdikcə məni narahat etməyə başladı. Sonralar Xalq artisti Səyavuş Aslanla görüşərkən Quba teatrından söz açdıq. Səyavuş müəllim də ayrılanda bir qədər nisgilli, bir qədər də amiranə səslə dedi: – Qubada teatrı bərpa edin. Nə lazım olsa, mən də, digər teatr xadimləri də kömək edərik.

Həmin görüşdən illər keçib. İnqilab müəllim də, Düriyyə xanım da, Səyavuş müəllim də artıq dünyasını dəyişib. O xatirələr və ayrı-ayrı mənbələrdən topladığım məlumatlar məni rahat buraxmırdı. Quba teatrı haqqındakı düşüncələrim bir-birini əvəz edirdi. Vaxtilə bu teatrda çalışan adamlarla, teatrın o zamankı tamaşaçıları ilə görüşlərimdən topladığım xatirələr, qubalı filoloq-alim Nazif Qəhrəmanlının araşdırmalarından əldə etdiyim məlumatlar məni Quba teatrı haqqında yazmağa sövq edirdi. Azərbaycanın ilk əyalət teatrlarından olan A.Bakıxanov adına Quba Dövlət Dram Teatrının 22 illik fəaliyyət dövrü gözlərim qarşısında canlanırdı. Əslində, Qubada teatr ənənəsi XIX əsrin sonundan başlayır. Həmin dövrdə burada mədəni mühit bərqərar olmaqda, kitabxana və qiraətxanalar açılmaqda idi. Bu vaxt həvəskar aktyorlar tərəfindən tamaşaların göstərilməsi, dram əsərlərindən ayrı-ayrı parçaların səhnələşdirilməsi tamamilə təbii görünürdü. Burada müəllimlərdən Şıxəli Nəzirov və Ağababa Yusifzadə ayrı-ayrılıqda teatr truppaları təşkil etmişdilər. İlk teatr tamaşası XIX əsrin sonunda, Azərbaycanda teatr irsinin formalaşması və güclənməsi ilə bir vaxta təsadüf edir. Bu zaman teatr ümumi mədəni prosesin bir hissəsi kimi meydana çıxırdı. 1896-cı ildə yerli həvəskarların tamaşaya qoyduğu "Müsyö Jordan" komediyası yerli qiraətxananın nəfinə oynanılmış, burada hasil olan pul da qiraətxananın hesabına köçürülmüşdü.

Qubalı ziyalılar da teatr sənətinin inkişafına töhfələr vermişdi. Mehdi bəy Hacınskinin Azərbaycan səhnəsinin inkişafında, bu səhnə üçün ilk əsərlərin yazılmasında, tamaşaya qoyulmasında mühüm rol oynamışdı. Azərbaycanın ilk qadın dramaturqu və rejissoru Səkinə xanım Axundzadə də Qubada şair ailəsində doğulub boya-başa çatmışdı. XX əsrin əvvəlində əslən Qubadan olan Baba bəy Qubalı, Yeva Olenskaya, Ələziz Hüseynov və digər aktyorların Azərbaycan teatrının inkişafında müəyyən xidmətləri olmuşdu. Ənənələrin davamlılığına baxmayaraq, Qubada peşəkar teatrın əsası sovet dövründə, daha dəqiqi 1940-cı ildə qoyulmuşdu. Həmin il Quba Dövlət Dram Teatrı yaradılmış, kollektiv dəyərli yaradıcılıq yolu keçərək rəngarəng repertuarı və maraqlı tamaşaları ilə uzun müddət diqqət mərkəzində olmuşdu.

Görkəmli teatr xadimi, istedadlı aktyor və rejissor İsa Musayevin teatra direktor və bədii rəhbər təyin olunması teatrın daha qısa müddətdə təşkilinə və inkişafına güclü təkan vermişdi. Teatrın ilk tamaşalarından biri S.Vurğunun "Vaqif" pyesinin səhnə təcəssümü olmuşdu. "Kommunist" qəzetinin 18 aprel 1941-ci il tarixli sayında teatrın hazırladığı bu tamaşa haqqında deyilirdi: "Teatrın inkişaf edən gənc kollektivi tamaşanın öhdəsindən bacarıqla gəlmişdir. Teatrın bədii rəhbəri və rejissoru İsa Musayev Vaqif rolunu çox gözəl oynamışdır. Teatrın artistlərindən İmamverdi Bağırov Ağa Məhəmməd şah Qacar rolunda yaxşı çıxış etmişdir. "Vaqif" pyesinin birinci tamaşası böyük müvəffəqiyyətlə keçmişdir".

Böyük Vətən müharibəsi illərində hərbi hissələr qarşısında göstərilən tamaşalar əsgər və zabitlərin müdafiə əzminin artmasına, qəhrəmanlıq tərbiyəsində öz rolunu oynamışdı. 3 sеntyаbr 1942-ci il tаriхli "Ədəbiyyat qəzеti" İsа Musаyеvin hеsаbаt хаrаktеrli bir məqаləsini çаp еtmişdi. Məqаlədə Qubа Dövlət Drаm Tеаtrının öz işini mühаribə tеmplərində qurmаsındаn, аktyоr kоllеktivinin kоmplеktləşdirilməsindən və rеpеrtuаrın yеni əsərlərlə zənginləşdirilməsindən bəhs оlunurdu.

İ.Musаyеv yаzırdı ki, tеаtr 1942-ci il rеpеrtuаrınа S.Vurğunun "Fərhad və Şirin", О.Sаrıvəllinin "Bаbək", M.İbrаhimоvun "Madrid", M.Təhmаsibin "Аslаn yаtаğı", Z.Хəlilin "İntiqаm", M.F.Ахundоvun "Dərviş Məstəli şаh" kоmеdiyаsını, Zülfüqаr Hаcıbəyоvun "Аşıq Qərib" оpеrаsını, S.Rüstəmоvun "Bеşmаnаtlıq gəlin" kоmеdiyаsını dахil еtmişdir.

Əzizbəyоv аdınа Аzərbаycаn Dövlət Drаm Tеаtrının kоllеktivimizə yахındаn göstərdiyi köməyi nəzərdən qаçırmаq оlmаz. Ədil İsgəndərоv yоldаşın təşəbbüsü ilə хаlq аrtistlərindən Sidqi Ruhullа, Mirzаğа Əliyеv, Ələsgər Ələkbərоv yоldаşlаr Qubа Dövlət Drаm Tеаtrınа gəlib kоllеktivimizə yахındаn kömək еtmişlər. Ədil İsgəndərоv yоldаş bizim аktyоrlаrımızlа individuаl оlаrаq yаrаdıcılıq işi аpаrmış, оnlаrın düzgün inkişаfınа kömək еtmişdir. Tеаtrın bаş rəssаmı, Əməkdаr incəsənt хаdimi Nüsrət Fətullаyеv "Fərhаd və Şirin" pyеsinin bədii tərtibаtını öz üzərinə götürmüşdür”.

Təəssüf ki, 40-cı illərin sonu – 50-ci illərdə teatrın maddi və mənəvi imkanları zəifləməyə başladı. Teatra göstərilən maddi yardımlar kəsildi və teatr bankrot qorxusu ilə üz-üzə qaldı. Arxivdə bir məktub var. 1950-ci ildə Səməd Vurğuna yazılıb:

"Azərbaycan xalqının fəxri, sevimli şairimiz, hörmətli yoldaşımız Səməd Vurğun!

Quba Dövlət Dram Teatrosunun kollektivi sevimli şairimizə salam göndərir və bir neçə şey xahiş edir.

Azərbaycan xalqının sevimli rəhbəri yoldaş M.C.Bağırovun vətəni Azərbaycan rayonlarına nisbətən daha inkişaf etmiş və mədəni bir şəhərə çevrilmişdir. Lakin Bakıxanov adına Dövlət Dram Teatrosunun vəziyyəti hal-hazırda dözülməzdir. Sabiq direktorun səhlənkarlığı və cinayətləri üzündən teatr çıxılmaz vəziyyətə düşmüşdür. Teatro yerli orqanlara və müəlliflərə 80 min manat borcludur. Kollektiv 4 aya yaxındır maaş almamışdır. Bunlara əsasən, teatronun gəlirindən Quba bankında 50% müəllif hüququnu müdafiə edən idarə tərəfindən tutulur. Kommunxoz tez-tez teatronun işığını kəsir. Hal-hazırda teatro institutunu bitirmiş üç ali savadlı aktyor və rejissor, ali savadlı rəssam və qocaman artist Azəri teatronun foyesində iki aydan artıqdır ki, yaşayırlar. 1948-49 və 1950-ci illərdən qalan borcları yerli təşkilatlar tələb edirlər. Teatro bu borcları ödəməyə qadir deyildir. 150 minə yaxın borcun qarşısında işləmək qeyri-mümkündür.
Bütün teatronun kollektivi sevimli şairimiz və deputatımızdan xahiş edir ki, Quba  teatrosunun yenidən işıqlanması üçün dövlət qarşısında təşəbbüsdə bulunsun" (məktuba kollektivin 15 üzvü imza atmışdır). Təəccüblüdür ki, şagird dəftərindən qoparılmış bu qoşa vərəqdə heç bir qətnamə və dərkənar yoxdur. Heç ola bilməzdi ki, 1950-ci ildə Qubadan respublika Ali Sovetinin deputatı seçilmiş S.Vurğun öz seçicilərinin məktubuna məhəl qoymasın. Qara mürəkkəblə yazılmış bu məktub ümidsizlik ovqatı ilə doludur. Məktubdan aşkar görünür ki, teatrın vəziyyəti ağırdır. Məktubun sonrakı taleyindən xəbərsiz olduğumuzdan onun nə ilə nəticələndiyini bilmirik. Çox ehtimal ki, S.Vurğun onu öz deputat blankında aidiyyəti olan ünvanlara, ya Azərbaycan KP MK-ya, ya da respublika Mədəniyyət Nazirliyinə yollamışdı, lakin məktub haradasa cavabsız qalmışdı.

Etiraf etmək lazımdır ki, Quba teatrında daxili münaqişələr və mübahisələr də olub. Bu səpkili qarşıdurmaların arxasında şəxsi mənəmlik və iddialar dururdu. Xüsusilə direktorun arvadı Anahida Şaginyan özünü teatrın sahibəsi kimi aparır, ancaq baş rolları qamarlaması ilə digər istedadlı qadın aktyorları, yaradıcı kollektivi qəzəbləndirirdi.

Quba teatrı ilə bağlı istər yaradıcılıq, istərsə də təminat-təchizat məsələləri də mətbuat səhifələrinə çıxarılmış, teatrşünas Cabir Səfərov "Quba teatrında xalturaya son qoymalı" adlı bir məqalə ilə çıxış etmişdi (“Ədəbiyyat və incəsənət”, 1955, 12 fevral). C.Səfərov məqaləsində yazırdı: "...Son dörd-beş il ərzində Quba Dövlət Dram Teatrında müəyyən durğunluq əmələ gəlmiş, kollektiv öz realist yolundan uzaqlaşmağa başlamışdır. Bunun başlıca səbəbi teatrda aktyor kollektivinin işinə rəhbərlik edəcək rejissuranın zəifliyi, aktyor kollektivinin yeni istedadlı qüvvələr hesabına qüvvətləndirilməməsi, hazırlanan tamaşaların aktyor oyunu, geyim və bədii tərtib cəhətdən aşağı səviyyədə olmasıdır. Quba teatrının geridə qalmasının ikinci səbəbi aktyor və rejissor kadrlarının tez-tez dəyişdirilməsidir. Bu isə teatrda vahid yaradıcılıq üslubunun zəifləməsinə, aktyorların səhnə mədəniyyətinə yiyələnməsinə az ziyan vurmamışdır".

C.Səfərovun məqaləsi kollektivin Səməd Vurğuna müraciətindən cəmi beş il sonra yazılmışdı. Göründüyü kimi, burada kollektivin məktubu haqqında heç nə deyilmir. Lakin şairə məktubda göstərilən nöqsan və çatışmazlıqlar məqalədə də xatırladılır. Teatrın bağlanmasına hələ yeddi il vardı. Amma sürətlə keçib gedən illər teatrın vəziyyətində dəyişiklik yaratmadı, digər teatrların ağır vəziyyətini Quba teatrı da yaşamalı oldu...

1962-ci il noyabrın 2-də A.Bakıxanov adına Quba Dövlət Dram Teatrı bağlandı, onun bazasında Xalq teatrı yaradıldı.

Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Xalq teatrı 80-ci illərin sonunadək bir sıra tamaşalar hazırlayırdı. Lakin aktyor truppası zəif idi. Vaxtilə dövlət teatrında çalışan aktyorların əksəriyyəti respublikanın müxtəlif teatrlarına getmişdilər. Xalq teatrından yalnız rejissor və rəssam rəsmi olaraq əməkhaqqı alırdı. Truppa üzvləri isə yalnız tamaşalar əsasında əldə edilən gəlirdən onlara düşən zəhmət haqqını ala bilərdi. Xalq teatrında tamaşaların hazırlanmasında İsgəndər Həmidoğlunun, Akif Fərəczadənin xüsusi əməyi olmuşdu. Onların quruluş verdiyi tamaşalar bölgənin ayrı-ayrı rayonlarında da tamaşaçılara nümayiş edilirdi. 1990-cı ildən isə Xalq teatrının truppası tədricən dağıldı. Xalq teatrı yalnız ayrı-ayrı tamaşalardan səhnəciklər və yaxud teatrlaşdırılmış kompozisiyalar hazırlayırdı.

Quba teatrı haqqında xatirələri, tarixi məlumatları toplayaraq yuxarıda oxuduğunuz yazını hazırladım. Lakin bununla teatr problemi həll olunmurdu axı. İnqilab müəllimin Quba teatrı ilə bağlı dediyi o sözlər teatrı bərpa etmək üçün təşəbbüskarlığı daha da artırmağa çağırırdı. Biz mədəniyyət işçiləri bir araya gələrək Quba teatrını bürüyən ətalət buzunu əritməyə qəti qərar verdik. Qubada teatr sahəsində mövcud olan 30 illik durğunluğu, nəhayət ki, aradan qaldırdıq. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanan “Biz Xocalıya qayıdacağıq” adlı tamaşa rayon tamaşaçılarına təqdim olundu. Bu tamaşadan ruhlanaraq biz teatr yaradıcılığını davam etdirməyi qərara aldıq. Müxtəlif sahələrdə çalışan, ayrı-ayrı yaş kateqoriyalarından olan həvəskarları Mədəniyyət Mərkəzinə dəvət etdik. Beləliklə də Quba “Könüllülər teatrı”nı yaratdıq. “Könüllülər teatrı”nın ilk tamaşası görkəmli dramaturq C.Məmmədquluzadənin “Kamança” əsəri oldu. Artıq xatirələr teatrı keçmişdə qalıb. İndi “Könüllülər teatrı” yeni yaradıcılıq yoluna qədəm qoyub. Hazırda yeni tamaşa üzərində iş aparılır. Bu yaxınlarda Mədəniyyət Nazirliyinin məsul nümayəndələri Qubada olarkən teatrın hazırkı fəaliyyəti ilə tanış oldular.  

Qubada teatrın bərpa olunması yəqin İnqilab müəllimin də, Səyavuş müəllimin də, Düriyyə xanımın da, bu teatrla bağlı dünyadan nisgilli gedən insanların da ruhunu şad edər.

P.S. Ermənilərin xəbis niyyətləri heç vaxt baş tutmur. Gec-tez haqq-ədalət qalib gəlir, öz yerini tutur. O zaman erməni aktrisa Şaginyan xain, xudbin əməlləri ilə Quba teatrını məhv etməyə çalışdı. İstədiyinə qismən nail olsa da, nəhayət, böyük teatr ənənəsi və qəlblərdə yaşayan teatr sevgisi qalib gəldi. İndi Qubada “Könüllülər teatrı” var...

Ramiz Ramazanlı
B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru