O taylı – bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərdən Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş internet saytı yaradılıb. Bu barədə layihənin rəhbəri, jurnalist Fərid Azəri məlumat verib. Onun sözlərinə görə, sayt Azərbaycan, ingilis və fars dillərində fəaliyyət göstərəcək.

İnternet resursunda şairin fotoşəkilləri, əlyazmaları, kitablarının elektron versiyaları, söylədiyi şeirlərin, müsahibələrinin səs yazıları, eləcə də Şəhriyar yaradıcılığına həsr olunan elmi əsərlər toplanacaq. Saytın videomaterialları arasında şairin xatirəsinə ithaf edilən verilişlər də yer alacaq.

Yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək saytdan Şəhriyar poeziyasını sevənlərlə yanaşı, onun həyat və yaradıcılığını araşdıran elm adamları da faydalana biləcəklər.

“Palmali” şirkətlər qrupunun maliyyə dəstəyi ilə ərsəyə gələn layihənin koordinatoru jurnalist Teymur Bayramovdur.