Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən səkkiz aparıcı teatrın və 20-27 mart tarixlərində bölgələrə qastrol səfərləri həyata keçirilib. Milli peşəkar teatrımızın yaradılmasının 150 illiyinə təsadüf edən qastrol aksiyası yerlərdə teatrsevərlərin yaddaşına maraqlı Novruz hədiyyəsi kimi də yazılıb.

***

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti martın 23-də Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" (tərcümə D.Mustafayev) komediyasını nümayiş etdirib.

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə (Molla Nəsrəddin), Nahidə Orucova (Təmənna) İqrar Salamov (Qədir), aktyorlar Möylə Mirzəliyev (Qulam) Mehriban Zaliyeva (Cənnət), Ülviyyə Əliyeva (Tutu), Gülcahan Salamova (Fatma), Gülnarə Əzizova (Zibeydə), Ruslan Mürsəlov (Oğrubaşı), Fərid Rzayev (Oğru) oynayıblar.

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

***

Azərbaycan Dövlət Pantomima Teatrı martın 24-də “Pantomima buketi” ilə qəbələli teatrsevərlərin qarşısına çıxıb.

Tamaşanın ideya müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Əməkdar artist Qurban Məsimov, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.

Mürəkkəb pantomima elementlərinin icra olunduğu tamaşada Elnur Abbasquliyev, Ceyhun Dadaşov, Bəhruz Əhmədli, Elnur İsmayılov, Nurlan Rüstəmov, Əli Əlizadə, Nuridə Musabəyli, Zəhra Hüseynova, Aydan Həsənova, Elxan Şahaliyev, Elmin Qiyaslı izləyicilərə xoş anlar yaşadıblar.

***

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Sumqayıt şəhərində qastrolda olub. Yaradıcı heyət martın 26-da Sumqayıt Dövlət Dram Teatrında “Dəcəl keçi” tamaşasını nümayiş etdirib.

Pərvin Nurəliyevanın “Dəcəl keçi” əsəri əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludır. Rolları Səbinə Məmmədzadə, İlqarə Tosova, Zümrüd Quliyeva, Anar Seyfullayev, Yusif Dadaşov, Eyvaz İbrahimov və Vahid Orucoğlu canlandırıblar.

Kiçikyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsərinin əsas ideyası keçinin timsalında xudpəsəndlik, tənbəllik, yalan və lovğalıq kimi mənfi cəhətlərin tənqididir.

***

Paytaxtda fəaliyyət göstərən səkkiz teatrın bölgələrə qastrol proqramı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Şəki teatrsevərlərinə təqdim etdiyi “Məlikməmməd” tamaşasının nümayişi ilə başa çatıb.

Kollektiv martın 27-də – Beynəlxalq Teatr Günündə "Məlikməmməd" Azərbaycan xalq nağılı əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır. Rolları Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Elçin Əfəndi, Şəhla Əliqızı, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova və Tural İbrahimov canlandırıblar.