Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Anarın “Adamın adamı” pyesinin yeni quruluşda tamaşası hazırlanır.
İlk məşqdə teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səhnə əsəri barədə yaradıcı heyətlə fikir mübadiləsi aparıb. Qeyd olunub ki, 2005-2011-ci illərdə mərhum rejissor Faiq Zöhrabovun quruluşunda teatrın repertuarında yer alan musiqili tamaşa (bəstəkar Xalq artisti Vasif Adıgözəlov) rəğbətlə qarşılanıb. Direktor yeni quruluşda səhnələşdirilən tamaşanın yaradıcı heyətinə uğurlar arzulayıb.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Xalq artistləri Fatma Mahmudova, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, Çingiz Əhmədov, Şövqi Hüseynov, Almaz Ələsgərova, İqrar Salamov, aktyorlar Nicat Əli, Ülviyyə Əliyeva və başqaları iştirak edəcəklər.