AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Sevda Məmmədovanın “Müasir Vyetnam ədəbiyyatı: Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ” monoqrafiyası işıq üzü görüb. Azərbaycan-Vyetnam diplomatik əlaqələrinin (1992) 30 illiyinə həsr olunmuş monoqrafiya institut Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli nəşrə “Azərbaycanda Vyetnam ədəbiyyatı haqqında ilk kitab” başlıqlı ön söz yazıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovdur.

Azərbaycan-Vyetnam ədəbi əlaqələrindən bəhs olunan, üç fəsildən monoqrafiyada Vyetnam ədəbiyyatı elmi səviyyədə araşdırılır. Bu ölkənin ədəbiyyatının tarixi inkişaf yolu, görkəmli yaradıcıları və ədəbi ənənələri, şair və yazıçıların yaradıcılıqlarının ayrı-ayrı istiqamətləri Azərbaycan ədəbiyyatının müxtəlif cəhətləri ilə müqayisədə təhlil edilir.