Azərbaycan xalçalarının dünyada tanıdılması məqsədilə sərgilərin təşkili, xalçaların müasir interpretasiyası, beynəlxalq əlaqələrin qurulması istiqamətində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) növbəti fəaliyyət istiqaməti Amerika Birləşmiş Ştatlarıdır. “Azərxalça” və Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş əməkdaşlıq razılaşması sayəsində bir il ərzində “Made in Azerbaijan” markalı xalçaların bu ölkənin müxtəlif şəhərlərində sərgi və satışının təşkilinə imkan yaradılacaq.
“Azərxalça”nın okeanın o tayında ilk sərgisi martın 27-də ABŞ-Azərbaycan Ticarət Palatası ofisinin qalereyasında açılıb. Sərgidə nümayiş olunmaq üçün ABŞ-yə ümumilikdə 76 xalça göndərilib. Buraya Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid müxtəlif ölçülü yun və ipək xalçalar daxildir. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslub və rənglərdə deyil, modern dizaynlı, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunur.
“Azərxalça” ASC Azərbaycanda say etibarilə işçilərinin böyük hissəsini qadınlar təşkil edən, regionlarda qadınları ən çox işlə təmin edən qurumlardan biridir. Cəmiyyətin əsas məqsədlərindən biri də məhz region qadınlarının inkişafına, onların işlə təmin olunması, sosiallaşmasına dəstək olmaqdır. Xaricdə təşkil olunan sərgilərdə də hər zaman xalçalarla yanaşı, onları toxuyan Azərbaycan qadını, regionlarda yaşayan toxucuların zəhməti də geniş şəkildə təqdim olunur.
Onu da qeyd edək ki, “Azərxalça”nın budəfəki sərgisi kənd qadınlarının səlahiyyətlərinin artırılması məqsədilə Vaşinqtonda elan olunan “Qadın tarixi ayı”na təsadüf etdiyindən şəhər meri Mayor Bouzer 27-31 mart tarixlərini “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan edib. Bu, həm Azərbaycan milli-mənəvi sərvətinin dünyada tanıdılması, həm də “Azərxalça” ASC-nin qazandığı növbəti uğurun göstəricisidir.
Sərginin açılışında USACC-nin icraçı direktoru Natiq Baxışov və “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış ediblər.
Tədbirdə 27-31 mart tarixlərinin Vaşinqtonda “Azərbaycan kənd qadınlarının gücləndirilməsi və səlahiyyətlərin artırılması həftəsi” elan olunması ilə bağlı rəsmi sənəd “Azərxalça” nümayəndələrinə təqdim olunub.
Bir il ərzində ABŞ-nin müxtəlif ştatlarında təşkil olunacaq sərgilərdə xalçalarla yanaşı, Azərbaycan qadını, xalçaçılarımız və onların əl işləri haqqında məlumatlar və müxtəlif videoroliklər də təqdim olunacaq.