27 mart Beynəlxalq Teatr Günü idi. Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunan əlamətdar gün münasibətilə bölgələrdə tədbirlər təşkil olunub, tamaşalar nümayiş etdirilib.

 

Gəncə səhnəsində “Kral ölür”

 

Gəncə Dövlət Dram Teatrında rumın əsilli Fransa dramaturqu Ejen İoneskonun (1909-1994) “Kral ölür” pyesi (1962) əsasında eyniadlı tamaşanın (absurd keçid) premyerası olub.

Quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev olan tamaşada Əməkdar artistlər Elxan Abbasov, Sevda Orucova, İlham Hüseynov, Kəmalə Məmmədova, aktyorlar Ruslan Hüseynov və Günay Cabbarova rol alıblar.

Səhnə əsərinin xoreoqrafı Zeynəb Hüseynova, rejissor assistenti Dursun Cəlilovadır.

“Kral ölür” pyesi ölüm və həyat arasında dünyanın maraq doğuran keçidlərinin təzahürü və insan taleyi haqqında baxış çərçivəsidir. Həmçinin bu əbədi mövzu həyat baxışlarının kəsişməsi olaraq hər birimizə aiddir. Yəni dünyaya gəldikdə bəlkə də ölümdən xəbərimiz olmadığı halda yaşadıqca daha sonra ölümü dərk edir və öyrənirik...

 

“Müfəttiş” Naxçıvan teatrında

 

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Beynəlxalq Teatr Günü ilə bağlı tədbir keçirilib. NMR Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi, Xalq artisti Kamran Quliyev çıxış edərək əlamətdar günün tarixi haqqında məlumat verib, milli teatrımızın keçdiyi inkişaf yolundan danışıb.

Qeyd edilib ki, 2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olub, eyni zamanda Naxçıvan teatrının 140 illik yubileyidir. “Heydər Əliyev İli”ndə Naxçıvan teatrı Ulu öndərə həsr olunmuş “Xilaskar”, milli teatrın yubileyinə həsr olunmuş “Lənkəran xanının vəziri” və “Cibimizdəki dəlilik” tamaşaları ilə repertuarını zənginləşdirib.

Daha sonra N.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Naxçıvan teatrında ilk dəfə 1927-ci ildə səhnələşdirilən pyes 2021-ci ildə yenidən repertuara salınıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı muxtar respublikanın Əməkdar rəssamı Səyyad Bayramovdur.

Səhnə əsərində Xalq artistləri Rza Xudiyev (Anton Antonoviç Skvoznik), Rövşən Hüseynov (Luka Lukiç Xlopov), Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), Behruz Haxverdiyev (Pyotr İvanoviç Dobçinski), Əbülfəz İmanov (Osip) və digər aktyorlar çıxış edirlər.

***

Samux rayon Mədəniyyət Mərkəzində də Beynəlxalq Teatr Günü ilə əlaqədar tədbir təşkil olunub. Bu günün tarixindən söz açılıb. Bildirilib ki, 150 illik bir yol gələn Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında göstərir. Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

N.Məmmədli