Azərbaycan ilk dəfə Avropada mədəniyyət sahəsində ən böyük təşəbbüsə – Avropa Bədii Sənətlər Günlərinə (EACD) qoşulub. Tədbir bu il martın 28-dən aprelin 3-dək 20 ölkəni əhatə edəcək.
Bu təşəbbüs çərçivəsində Bakıdakı “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan”ın iştirakı ilə ərsəyə gələn xalça sərgisi açılıb.
Sərginin açılış mərasimində “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətlər Günləri (Journées Européennes des Métiers d’Art, JEMA/EACD) 2002-ci ildə Fransada biennale formatında təsis edilib, 2011-ci ildən başlayaraq hər il keçirilir. Təşəbbüs bədii sənətlər sahəsinin inkişafı və Avropada onlar haqqında məlumatların daha çox yayılmasına yönəlib. EACD-nin builki mövzusu “Birlik”, devizi isə “Vahid əllərimiz”dir. “Arts Council Azerbaijan” ötən il “World Crafts Council Europe”nın üzvü olub. Bu, bizə təşəbbüsə qoşulmaq və sərgini təşkil etmək imkanı verib.
Daha sonra Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və “NUR Art House” qalereyasının direktoru Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Röya Tağıyeva çıxış ediblər.
Sərgi aprelin 2-dək davam edəcək. Tədbir çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq.