Martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Çin incəsənəti nümunələrindən ibarət sərgi açılacaq. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi muzeyin, Azərbaycan Mədəniyyət Nazirliyi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Sərginin kuratoru və ideya müəllifi muzeyin direktoru, professor Çingiz Fərzəliyevdir. O, layihənin konsepsiyasını “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə edib.
Çin mədəniyyəti bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. Sərgi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.
“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi muzeyin 2016-cı ildən həyata keçirdiyi genişmiqyaslı layihə – multikultural sərgilər silsiləsi çərçivəsində təşkil edilib.