“Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var, – bu, bir cənnət məkan olacaq”


Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.

Prezident İlham Əliyev bu sözləri martın 28-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin etdiyi Məsim Məmmədovu qəbul edərkən deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər: “İndi – müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür... Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər...

Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq...”.

Prezident vurğulayıb ki, bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında yüz kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb: “Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar...”.

Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri vardı. Çünki Ermənistandan Qarabağa gedən və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan yol Laçın şəhərinin ortasından keçirdi. Bundan sonra Azərbaycan Laçın şəhərindən yan keçən alternativ yol çəkdi, Rusiya sülhməramlı qüvvələri öz postlarını yeni yola keçirdilər: “2022-ci il avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”.

Prezident qeyd edib ki, müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdi. Amma Laçın şəhərinin yenidən qurulması keçən il avqustun 26-dan bu yana icra edilir. “Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”, – deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı bildirib ki, Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Ermənistanın işğalı dövründə tikilən və xaricdən ermənilərin qanunsuz olaraq köçürüldüyü Zabux kəndindəki evlərdə bizim hərbçilərimiz yerləşir. Zabux kəndinin sakinləri üçün isə tamamilə yeni kənd salınır.

Bununla yanaşı, rayonun Güləbird və Qorçu kəndlərinin baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur: “Yəni, gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə – bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik”.

Laçın şəhərinin bütün infrastrukturunun yenidən qurulduğunu bildirən İlham Əliyev deyib: “Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, – nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti – meşələri, dağları, çayları var, – bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”.


Bir neçə kəndin sakinlərinin bir yerə cəmləşdirilməsi nəzərdə tutulur


Prezident diqqətə çatdırıb ki, işğaldan azad edilmiş bütün rayonlarda işlər paralel surətdə aparılacaq. Hər rayonda rayon mərkəzləri – şəhərlər, həmçinin 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur. Eyni zamanda ayrı-ayrı rayonlarda birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərinin bir yerə cəmləşdirilməsi nəzərdə tutulur. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir: “Bizim bütövlükdə təkcə Qarabağda, Şərqi Zəngəzurda deyil, digər bölgələrimizdə də dağ rayonlarında kəndlər bir-birindən aralı yerləşirdi və bu, bir çox hallarda insanların rahat yaşamasına o qədər də imkan vermirdi. Yəni, bu, ənənəvi olaraq belə qurulmuşdur. Əlbəttə ki, azad edilmiş torpaqlarda indi və gələcəkdə hər bir kənd bərpa ediləcək. Ancaq Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni bunda görür ki, biz yaxında yerləşən kəndlərin sakinlərini bir yerə yığıb onlar üçün gözəl şərait yaradaq. Yəni, biz şəhər tipli kəndlər quracağıq və mən qurulacaq bütün kəndlərin baş planını təsdiqləmişəm. Eyni zamanda, kəndlərin xarici görkəmi də təsdiqlənib və yenə də deyirəm, həm rahat, həm də memarlıq nöqteyi-nəzərindən çox gözəl olacaq”.


Yeni idarəetmə modeli ölkənin digər yerlərində də tətbiq edilməlidir


Dövlət başçısı vurğulayıb ki, bundan sonra Laçın rayonunda, eləcə də digər rayonlarda ətraf mühitin qorunması mühüm vəzifə olmalıdır: “Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq. Çünki ölkəmizin bəzi yerlərində ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Yəni, siz mənim nümayəndəm kimi və bütün vətəndaşlar bilməlidirlər ki, burada qayda-qanun var, özbaşına heç kim heç bir iş görə bilməz... Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Əminəm ki, öz dədə-baba torpaqlarına qayıdacaq bütün keçmiş köçkünlər, bax, bu amalla yaşayacaqlar. Dövlət orqanları onlara kömək etməlidir və nəzarət etməlidir ki, hər şey qayda-qanunla həll olunsun, tənzimlənsin”.

Prezident sonda deyib: “Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir...”.