Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir.

Bu sözlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb.

Amerika xalqı adından Azərbaycan Prezidentinə və xalqına ən xoş arzularını yetirən Cozef Bayden məktubda qeyd edir ki, Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər. “Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm”, – deyə məktubda vurğulanır.