Daşkənd şəhərində fəaliyyət göstərən “British School” (Britaniya məktəbi) məktəbinin müəllim və şagird kollektivi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində mərkəzi ziyarət edib.

Qonaqlara mərkəzin fəaliyyəti, burda yaradılmış Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında məlumat verilib. Heyət Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq sənətkarlığı, musiqisi, adət-ənənələri, tarixi abidələrimizi əks etdirən guşələr, eksponat və maketlərlə tanış olublar.

Sonra mərkəzin konfrans zalında davam edən tədbirdə AMM-in direktoru Samir Abbasov çıxış edərək qonaqları Novruz bayramı münasibətilə təbrik edib. O, Azərbaycan-Özbəkistan dostluğu, habelə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, poeziyası, incəsənəti, dövlətimizin qazandığı nailiyyətlər haqqında danışıb.

Direktor Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistan işğalından azad edilən tarixi şəhərimiz, mədəniyyət paytaxtımız Şuşa haqqında məlumat verib, bu tarixi şəhərin, yalnız Azərbaycanın deyil, 2023-cü il üçün bütün Türk dünyasının mədəniyyət paytaxtı seçildiyini diqqətə çatdırıb.

Daha sonra AMM-in layihəsi üzrə hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film nümayiş olunub. Filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, paytaxt Bakı ilə yanaşı, Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti, habelə işğaldan azad olan ərazilərimizə mədəniyyətin qayıdışı, keçirilən tədbirlər öz əksini tapıb.

Tədbirin bədii hissəsində mərkəzin rəqs ansamblı milli rəqslərimizi ifa edib, Özbəkistanın dünyaca məşhur “Özbəyim yoşları” musiqi qrupu, tanınmış aşıq İlham Abdullayev Azərbaycan musiqilərini səsləndiriblər.