Aprelin 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873-1943) 150 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Filarmoniyadan bildirilib ki, tədbir çərçivəsində əvvəlcə bəstəkarın həyat və yaradıcılığından danışılacaq, dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən bəhs olunacaq.

Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın dirijorluğu ilə Dövlət Xor Kapellası çıxış edəcək.

Konsertin solistləri Xalq artisti Əvəz Abdulla (bariton), Gökhan Aybulus (Türkiyə, piano), Yelizaveta Kulaqina (Rusiya, soprano), İqor Morozov (Rusiya, tenor) olacaq.

Qeyd edək ki, S.Raxmaninovun yaradıcılıq qalereyasında  80-dən çox romans, konsert, simfoniya, prelüd, etüd, opera yer alıb. Xüsusilə müəllifin romansları ona böyük şöhrət qazandırıb. “Burada yaxşıdır”, “Yanımda oxuma, gözəl”, “Bahar suları”, “Yuxu” və digər romansları dünya vokal musiqi xəzinəsinə daxil edilib.