Sərgi ölkənin qədim mədəni irsi və zəngin sənət ənənələri ilə tanışlıq fürsətidir
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İncəsənət Muzeyində Çin mədəni irsini əks etdirən sərgi təşkil edilib. Sərgi muzeyin, Azərbaycan Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
Martın 29-da “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi olub. Mərasimdə ölkəmizdə akkreditə olunmuş səfirlər və digər rəsmi şəxslər iştirak ediblər.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Qo Min tədbiri açaraq qeyd edib ki, sərgi iki ölkə arasında dostluq əlaqələrini nümayiş etdirir. Vurğulayıb ki, iki ölkənin rəhbərlərinin atdığı addımlar sayəsində qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Sərginin məqsədlərindən biri də iki müxtəlif mədəniyyət arasında körpünün qurulmasıdır.
Sərginin kuratoru, Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev layihənin ideyasından danışıb. O ümidvar olduğunu bildirib ki, sərgi iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, iki xalqın mədəniyyətinin təbliği və tanınmasına əvəzolunmaz töhfə verəcək. Azərbaycan və Çin arasında əsrlər boyu qurulan iqtisadi, mədəni dostluq münasibətləri davamlı və möhkəm olacaq.
Qeyd edək ki, sərginin konsepsiyası muzey salonlarında ənənəvi Çin evi ab-havasının yaradılmasını ehtiva edir. Çin mədəniyyəti bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. Sərgi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.
Sonra musiqi proqramı təqdim edilib.
Layihənin koordinatoru Könül Rəfiyeva sərginin əhəmiyyətindən danışıb və ekspozisiya barədə məlumat verib. Bildirib ki, ekspozisiyada qədim tanrıların və müdriklərin heykəlcikləri, Çin mənzərələri olan tekstil məmulatları, xəttatlıq pannoları, otaq bitkiləri, çini vazalar, oyma taxta mebellər, Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyan, evdə sülh və əmin-amanlığın rəmzi olan divar rəsmləri və xəttatlıq nümunələri yer alıb.
Sonra qonaqlar sərgiyə baxıblar. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi 30 iyun 2023-cü il tarixinədək davam edəcək.