31 mart bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən biri kimi tariximizə Azərbaycanlıların Soyqırımı Günü kimi daxil olub. 1918-ci ildə törədilən bu qanlı hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə erməni millətçilərinin davamlı soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq qətlə yetirilib. Erməni-bolşevik birləşmələri tərəfindən insanlar evlərində diri-diri yandırılıb, həmçinin xüsusi işgəncələrlə və amansızlıqla öldürülüb.

Bu sözlər Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanatında yer alıb.

Bəyanatda deyilir ki, azərbaycanlıların soyqırımı Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, mədəniyyət abidələri, qəbiristanlıqlar, məscidlər top atəşinə tutularaq dağıdılıb. Erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə, ən qəddar üsullarla törədilmiş bu soyqırımı zamanı Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox, Zəngəzur qəzasının 115 kəndində, qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənddə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib.

Vurğulanır ki, ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin əsasında azərbaycanlılara qarşı əsrlər boyu davam edən kəskin nifrət, ayrı-seçkiliyi aşılayan siyasət və tamamilə əsassız ərazi iddiaları dayanıb.

Diqqətə çatdırılır ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı cinayətlərini əyani olaraq sübut edir. Bu cinayətlərin tarixi faktlarla dünya ictimaiyyətinə çatdırılması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2013-cü ildə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

“Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib. Dünya ictimaiyyətini və nüfuzlu beynəlxalq təşkilatları tarix boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verərək soyqırımı kimi tanımağa və ədalətin təmin olunmasına dəstək verməyə çağırıram”, – deyə bəyanatda bildirilir.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin qurumlarına, digər beynəlxalq təşkilatlara, xarici ölkələrin respublikamızdakı səfirliklərinə göndərilib.