Əmlak Məsələləri Dövlət Xidmətinin 125 metr hündürlüyündə yeni inzibati binası

 

Martın 30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Prezident İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binaların sırasına daha biri əlavə olunub. Heydər Əliyev prospektində inşa edilən bina müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bina barədə dövlətimizin başçısına məlumat verib.

Modern və postmodern üslubda layihələndirilən bina mürəkkəb konstruktiv quruluşa malikdir. Hündürlüyü 125 metr olan bina 33 mərtəbədən ibarətdir.

Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digər mərtəbəyə nisbətdə 2,65 dərəcə dönür və nəticədə fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir diqqətçəkən cəhəti isə yuxarıdan baxanda kürsü mərtəbəsinin Azərbaycanın xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdır. Binada tikintidə müasir çağırışların paytaxtımızın infrastrukturuna inteqrasiyası ilə yanaşı, işçi heyətin daha səmərəli çalışması üçün də hər cür şərait yaradılıb.

İşçi mərtəbələrdəki 254 otaqda ümumilikdə 537 əməkdaş çalışa biləcək. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunmuş konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxanalar var. Mikroiqlimin təmin olunması, səmərəli enerji sərfiyyatının tənzimlənməsi, işıqlandırma, yanğınsöndürmə və təhlükəsizlik sistemlərinin idarə edilməsi, fövqəladə hallar zamanı mühəndis-texniki sistemlərin tənzimlənməsi üçün İdarəetmə Mərkəzi qurulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində əmlak məsələləri sahəsində də bir sıra irəliləyişlərə nail olunub. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrdə mühüm işlər görülüb. Vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, 2022-ci ildə vətəndaşlardan, sahibkarlardan, bələdiyyələrdən, dövlət qurumlarından Xidmətə 1 milyona yaxın elektron müraciət daxil olub.

Eyni zamanda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilən tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Azad edilən ərazilərdə indiyədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanıb. Bu günədək rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikili və qurğudan təqribən 145 mini təsbit olunub və həmin sistemə daxil edilib.