Aprelin 1-də Türkiyədə prezident seçkiləri kampaniyasına start veriləcək. Ölkənin Yüksək Seçim Qurumu (Mərkəzi Seçki Komissiyası) tərəfindən dörd namizəd qeydə alınıb. Bunlar hazırkı dövlət başçısı, hakim AK Partiyanın sədri və “Cumhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu, həmçinin Məmləkət Partiyasının sədri Muharrem İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. Sonuncu iki namizəd parlamentdə təmsil edilməyən siyasi təşkilatlar tərəfindən irəli sürüldüyü üçün, müvafiq qanunun tələbinə əsasən, 100 min imza toplayaraq qeydə alınıblar.

Türkiyədə prezident seçkiləri mayın 14-nə nəzərdə tutulub. Eyni gündə parlament – Türkiyə Böyük Millət Məclisinə də növbəti seçkilər keçiriləcək.