Ankaradakı Qazi Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İşğaldan Zəfərə. Qarabağ və Xocalı” adlı anım tədbiri keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyə rəsmiləri, millət vəkilləri də iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün zaman-zaman həyata keçirilən məkrli plandan, ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən danışıb.

Səfir azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1905, 1907, 1918, 1937-ci illərdəki soyqırımları ilə yanaşı 1992-ci ildə törədilən Xocalı soyqırımını da xatırladıb. Qeyd edib ki, bu faciələr fərqli tarixlərdə ermənilərin əli ilə törədilsə də, eyni ssenarilər üzrə dünyadakı müsəlman türklərinə qarşı soyqırımları keçirildiyini deyib. Ona görə də Türk dünyası tarixi faktları dəqiqliklə öyrənib, dəyərləndirib, birgə addımlar atmalı və daha da güclənməlidir.

TBMM-də Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım XX əsrdə azərbaycançılılara qarşı törədilmiş cinayətlərə toxunub. Millət vəkili bütün çətinliklərə rəğmən Azərbaycanın qalib ölkə kimi qürurla dayandığını və Türkiyənin də hər zaman Azərbaycanla bərabər olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar 31 mart 1918-ci ildə Bakı və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı faktlarını diqqətə çatdırıb.

Qazi Universitetinin rektoru professor Musa Yıldız və Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi direktoru professor Alev Kuru universitetin Azərbaycanla bağlı mövzulara diqqətlə yanaşması, bu istiqamətdə keçirilən tədbirlər barədə söz açıblar.

Sonra “İşğaldan Zəfərə uzanan yol. Qazi Universitetində Qarabağ və Xocalı” adlı sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Qazi Universitetinin təşəbbüsü ilə müxtəlif vaxtlarda çəkilmiş, daha sonra Xocalı soyqırımına qarşı beynəlxalq cəmiyyətin ədalətsiz yanaşmasına etiraz məqsədilə müəllifləri tərəfindən qaralanaraq bu şəkildə nümayiş etdirilmiş Xocalı ilə bağlı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim edilib. Rəsm əsərlərinin işğaldan azad olunmuş ərazilərimizdə gələcəkdə inşa ediləcək muzeylərdə nümayiş etdirilməsi məqsədilə Azərbaycan tərəfinə hədiyyə edilməsi barədə sertifikat səfir Rəşad Məmmədova təqdim olunub.

Mehparə Sultanova
Ankara