Xəbər verildiyi kimi, Prezidenti İlham Əliyev 1 aprel 2023-cü il tarixində “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib.

Dəyişiklik media subyektlərinin daha səmərəli fəaliyyətinin təşviq olunmasını ehtiva edir.

Qanunla media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsulları əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, bu qərar dövlət başçısının mediaya göstərdiyi diqqətin bariz nümunəsidir (APA).

O qeyd edib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir: “Dövlətin medianın inkişafına dəstək strategiyasından bu sahə ilə bağlı ayrı-ayrı vaxtlarda ƏDV-dən azadetmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına öz müsbət təsirini göstərib”.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan mediasının iqtisadi dayanıqlığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı dövlət siyasətinin prioritetini təşkil edir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsi mediamızın iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəyərli töhfədir. Ölkəmizin media ictimaiyyəti adından diqqət və qayğısına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk”, – deyə Əhməd İsmayılov bildirib.