Milli Kitabxananın əməkdaşları tərəfindən 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibətilə virtual sərgi hazırlanıb. “Aprel döyüşləri” adlı sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.

Xatırladaq ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalırdı və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alırdı. Tarixə Aprel döyüşləri kimi düşən dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan (Madagiz) kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Dörd il sonra, 2020-ci ilin 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyuldu və ölkəmizin ərazi bütövlüyü bərpa edildi.