Azərbaycan Respublikasının media, kommunikasiya və QHT sahəsi üzrə qurumlarının rəhbər və əməkdaşlarından ibarət nümayəndə heyəti Özbəkistana səfər edib.

Nümayəndə heyətinə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, Audiovizual Vasitələr Şurasının sədri İsmət Səttarov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Prezident Administrasiyasının (PA) Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, PA-nın KİV-lə iş sektorunun müdiri Kamran Həsənov, həmin sektorun baş məsləhətçisi Rahu Şirinova, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva daxildir.

Heyət səfər çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini (AMM) ziyarət edib. Ümummilli lider Heydər Əliyevin mərkəzin önündə ucaldılmış büstünün qarşısına tər çiçək dəstləri düzülüb. AMM-in həyətində yaradılmış Şəhidlər xatirə kompleksi də ziyarət olunub.

Qonaqlara AMM-in fəaliyyəti ilə bağlı geniş məlumat verən direktor Samir Abbasov mərkəzin Azərbaycan-Özbəkistan dostluğuna və mədəni əlaqələrin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb.

Nümayəndə heyəti daha sonra mərkəzdə yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Heydər Əliyev, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Xalça muzeyləri ilə də tanış olub. Bildirilib ki, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə açılıb. Burada Azərbaycan-Özbəkistan tarixi əlaqələrini əks etdirən çox sayda eksponat, maket, suvenir, sənətkarlıq nümunələri və s. nümayiş etdirilir. Digər muzeylər haqqında da məlumat verilib.  

Sonda nümayəndə heyəti ilə xatirə şəkilləri çəkdirilib.