Rəssam Rəfail Əliyevin yaradıcılığı haqqında...
İncəsənət gözlərdən qəlbə, qəlbdən isə ruhumuza sızan, duyğu və düşüncələrimizi qidalandıran, bəzən tarixi dəyişən, bəzən də tarixə yön verən ən əsas anlayışlardan biridir. Rəfail Əliyev təsviri sənətimizdə öz palitrasını yaradaraq, individual bədii həll yolunu cızan, təkrarolunmaz sənət əsərləri ərsəyə gətirən rəssamlardandır.
O, 28 dekabr 1953-cü ildə Göyçay şəhərində anadan olub. Yaradıcılığa bədii metal emalı ilə başlayıb. Daha sonra isə təhsilini qrafika üzrə tamamlayıb. Lakin sənətkarın yaradıcılığında bədii oymanın da xüsusi önəminin olması danılmazdır. Sənət karyerasının təxminən iyirmi ilini bu sahəyə həsr edib. Onun ərsəyə gətirdiyi hər bir qravüra dərin məzmuna və zəngin, ənənəvi izlərə malikdir.
Bununla belə, rəssam rəngkarlıq sahəsində də öz sözünü deyib. Onun kompozisiyalarının məhvərində dərin məna, fəlsəfə dayanır. Rəfail Əliyevin mürəkkəblikdən arınmış mücərrəd yanaşma tərzi bədii yaradıcılığının özünüifadə təzahürüdür. Rəssamın sənət rakursuna bəzən romantika, bəzən estetika, bəzən milli ruh, əsasən də fəlsəfi baxış hakimdir. Bununla yanaşı, yaradıcılığında xəfif sentimentallıq da özünü büruzə verir. Ənənəviliyə və etnogenetik bağlılığa söykənən bədii sənət yolu rəssamın təcrübə süzgəcindən keçərək, milli köklərə və dəyərlərə əsaslanır. Məhz buna görə Rəfail Əliyevin bəzi əsərlərində qədim qayaüstü təsvirlərə olan bənzərlikləri də görmək mümkündür. Buna misal olaraq, “Cənnətdən qovulanlar” kompozisiyanın fiqurlarında kəskin konturlar, lakoniklik və stilizasiyanı misal çəkə bilərik.
İnstinktiv obrazların müəllifi olan Rəfail Əliyevin yaradıcılığında təsvir etdiyi şəxslərin introspeksiyasının diqqətlə vurğulandığı portret janrının öz xüsusi yeri vardır. Portretlərinə unikal və müasir prizmadan baxan sənətkarın qadın fiqurlarının hər birinin simasında mülayimlik, həlimlik vardır. Bu qadınlar cazibədar və yaxud da ideal deyillər. Onlar olduqca təmkinli, yetkin və kamildirlər. Sənətkarın gözəllik və fəzilət ideallarını nəzərə çarpmayacaq şəkildə ifadə edə bilməsi təqdirəlayiqdir. Bu sənət nümunələrində obrazların konkret təsvirlərinə deyil, mücərrəd və ümumi görkəmlərinə xüsusi vurğu var. Fiqurların uzun üzləri, boyunları və bədənləri nisbətən daha kiçik əllərlə tamamlanır. Kompozisiyalarının fonuna isə əsasən dominant kontrastlar və rəng oyunları hakimdir. Bu təzadlar həm də kompozisiyanın formalarında özünü büruzə verir. Sadə cizgiləri və stilizə fiqurları rəssamın kompozisiyalarını zənginləşdirir. Buna görə də rəssamın yaradıcılığında Amadeo Modilyani və Pablo Pikassonun təsirini görmək mümkündür. Rəfail Əliyevin yaradıcılığında Meksika incəsənətinin də təsirini duymaq olur. Məhz meksikalı rəssam Rufino Tamayo ilə tanışlığı onun yaradıcılıq istiqamətində yeni bir dönüşə səbəb olub...
Rəssamın sənət üslubunda diqqətçəkən məqamlardan biri də “Afrika/qəbilə” sənətindən ilham alaraq, ərsəyə gətirdiyi kompozisiyalardır. Onların içərisində ən maraqlısı akril ilə kətan üzərində işlənmiş “Maska” adlı nümunədir. O, ilk baxışdan Biombo və Qoma maskalarını bizə xatırladır. Müxtəlif həndəsi ornamentlər ilə bəzədilən bu maska təsvirində gözlər və alın müdrikliyi, daha kiçik ölçüdə həll olunan ağız ilə çənə isə təvazökarlığı simvolizə edir. Bu maskalar Afrika qəbilələrinin mərasim və ayinlərinin bir parçası hesab olunur, onların əcdadlarının ruhunu təmsil edirlər. Belə maskalar bir növ təbiət ilə ruh dünyasının arasında olan əlaqəni göstərir.
Onun palitrası olduqca rövşəndir, ahəstə rənglər və saf, şəffaf tonlar, oxra, qəhvəyi, torpaq rəngi, boz, mavi, qırmızı, yaşıl kimi rənglər ən çox müraciət etdiyi çalarlardır. Rəssamın kompozisiyaları üçün xətt dekorativ element deyildir. O, qurduğu kompozisiyalarda əvvəla təsvir etmək istədiyi fiqurun fiziki və psixoloji xüsusiyyətlərini ustalıqla şərh edir, digər tərəfdən isə plastik və xromatik həcmləri vurğulaya bilmək üçün titrək rəng keçişlərindən istifadə edir. Rəssamın portretlərinin ən maraqlı xüsusiyyətlərindən biri də onların izləyicilərə “ikonaları” xatırlatmasıdır. Monumental rəsmlərə və freska təsvirlərinə bənzəyən bu portretlər emosional səciyyəyə malikdirlər. Onun bu janrda ərsəyə gətirdiyi əsərlər arasında “Nar ilə qız”, “Şərab dadımı”, “Qırmızılar içində qadın”, “Şərq gözəli”, “Mavi kəlağayı ilə qız”, “Çiçəklərlə portret” və s. qeyd etmək olar.
Rəssamın zəngin və adətən isti tonlardan ibarət rəng palitrası sadəcə estetik duyumu deyil, dərin məna çalarını da ehtiva edir. Sürrealist baxış tərzi bəzən obrazlı və təsirli, bəzən də abstrakt görünür. Bəzən impressionist və ya postimpressionist, bəzən proto-kubist, bəzən də abstrakt yanaşma tərzi diqqətlə seçdiyi mövzular ilə, fərqli mədəniyyətlərə olan maraqlarla səsləşir. Bu səbəbdən rəssamın yaradıcılığında yapon mədəniyyəti və incəsənətini vurğulayan əsrarəngiz izlər də görmək mümkündür. Buna misal olaraq, “Bonsai, yapon ağcaqayını” əsərinin adını çəkə bilərik. Bonsailər əsasən dayaz keramika qablarda yetişdirilir. Bu miniatür ağaclar Kamakura dövründə yapon mədəniyyətinə elitar təbəqə tərəfindən daxil olub. Bu mövzuda digər əsəri “İki katana” kompozisiyasıdır. Rəssamın olduqca maraqlı aspektdən yanaşdığı bu səhnədə “Daisho” – samurayların duellərdə istifadə etdikləri iki qılınc ilə duruş pozası təsvir olunub. Daha kubist nöqteyi-nəzərindən əks olunan bu əsərdə məhdud rəng və ton diapazonu ön plandadır.
Rəssamın yaradıcılığında mənzərə janrının da xüsusi yeri var. Təbiətin, yerlə göyün alternativ ritmlərini özündə cəmləşdirən mənzərə nümunələrində dinamika, həyəcan, məna və bir az da metamorfoz hissi duyulmaqdadır. Rəfail Əliyevin peyzajlarında nəzərə çarpan bir başqa prinsip həmin kompozisiyalarda dəyişkən perspektivanın mövcud olmasıdır. Rəssamın mənzərə təsvirləri lakonik, sadə və fiqurativdir. Kompozisiyalarda gördüyümüz tək və yaxud cüt fiqur; məsələn ağac, çay, çiçək, qaya və s. sadəcə hansısa bir obyekti deyil, əksinə, insana xas keyfiyyətlərlə zənginləşdirilərək fəlsəfi mənanı təmsil edir. Buna ən maraqlı nümunə “Yol üzərində” əsəridir. Qoşun kimi yan-yana düzülən ağaclar sanki ilk baxışda bizə bir qrup insanı xatırladır. Əsərdəki fərqli konturlar və kontrast nisbəti kompozisiyanı mücərrədləşdirən ən önəmli faktordur. “Xəzərin sahilində” tablosunda isə dolğun və ifadəli xətlər kompozisiyanı dolduran, estetik gücünü artıran əsas ünsürlərdir. Kompozisiyada küləyə meydan oxuyan üç ağac fiquru ona məhəl qoymadan öz əzəmətini qoruyub saxlamağa çalışır. Bu ağaclar həm də tamaşaçılara kiçik bir ailəni xatırladır. Çətinliklərlə üzləşsə belə, əsla dağılıb, məhv olmayan bir ailə.
Təbiətə aid olan, tarazlaşdırılmış və ahəngdar səciyyə daşıyan hər bir səhnədə boyakar sanki mistik bir dünya qurmağa çalışır. Bu mistik dünyanı ən gözəl ifadə edən əsərlərdən biri “Abşeronun zeytun ağacları” tablosudur. Olduqca mücərrəd görünüşdə olan bu kompozisiyada istifadə olunan isti palitra mükəmməl bir seçimdir. Quraqlığa davamlı olan zeytun ağacları qumsal Abşeron torpaqlarına çox yaraşır. “Dənizkənarı, Bilgəh” rəssamın marina janrında əsərlərindəndir. Xəzər dənizinin sərin mehi, dalğalarının şıltaq oyunu rəssamın fırçasından süzülərək kətanın üzərində həkk olunub. O, sadələşdirilmiş kompozisiya quruluşuna minimal fırça vuruşları əlavə edərək rəsmin bir növ “nəfəs ala bilməsi” üçün şərait yaradır. Kiçik və titrək fırça vuruşlarıyla əsəri tamamlayan rəssam rəngləri həddən artıq qarışdırmadan, təbiətin hərəkətini və daim dəyişən əhval-ruhiyyəsini kətana köçürür, milli koloritlə ənənəvi faktura vuruşlarını kombinə edir. Qeyd etdiyimiz xüsusiyyətlərin nümunəsi kimi “Günəbaxanlar” əsərini misal çəkə bilərik. Qarışıq rənglərin hökm sürdüyü fon üzərində ön plana çəkilən günəbaxan çiçəkləri sanki “Yallı” rəqsini ifa edirlər.
İncəsənət həmişə ziddiyyətlərin mübarizəsinin simvolu olub. Rəssamın yaradıcılığında da simvolların xüsusi yeri vardır. Belə simvollardan biri də zənginliyin və bərəkətin rəmzi hesab olunan nardır. Rəssamın müxtəlif rakursdan təsvir etdiyi “Narlar”, qadın obrazının bir əlində nar, digərində quş təsvir olunan “Musiqi”, isti tonlarla kəskin konturların vurğulandığı “Nar ağacı” bu nümunələr arasındadır. Təbiətlə əlaqə qurmağın bir çox yolu var və bu yollardan biri də bitki və heyvan simvollarından istifadə etməkdir. Bəlkə də rəssamın Göyçayda doğulub, boya-başa çatması onun nar təsvirinə olan marağının izahıdır.
Sənətkarın yaradıcılıq fəaliyyətində tez-tez rastlaşdığımız bir fiqur da animalistik səciyyəyə malik təsvirlərdir. Belə fiqurlardan biri də balıqdır. “Balıqlar”, “Balıq və balıqçı”, “Səhər” kimi kompozisiyalarda təsvir olunan bu fiqur adətən zənginlik, firavanlıq və bolluq rəmzi hesab olunur. Rəssamın bir başqa sevimli animalistik obrazı atdır. Xarakterinə əsasən azad ruhlu olan bu heyvanlar zəfəri də təmsil edir. Əzəmətini öz yurdundan alan, dillər əzbəri olan Qarabağ atları rəssamın bədii yaradıcılığında mühüm yer tutur. “At”, “At hekayəsi”, “Qarabağ ayğırı” əsərləri bu qəbildəndir.
Rəfail Əliyevin haqqında söz aça biləcəyimiz əsərlərinin sayı çoxdur. Bu gün də öz üslubunu püxtələşdirən rəssamın sənətə olan məhəbbəti göz önündədir. Rəssam sənətdən bəhrələnərək sənətə də öz qiymətli töhfələrini verməkdədir...
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi