ABŞ-nin Corciya Universitetinin alimləri ömür uzunluğu ilə bağlı tədqiqat aparıblar və onun durmadan artdığını aşkar ediblər. Hesablamalara görə, növbəti 40 ildə yeni rekordlara imza atılacaq – insanlar 150 ilə qədər yaşaya biləcək. Modelləşdirmə, həmçinin göstərir ki, bu hələ mümkün olan maksimal yaş deyil.
Qeyd edilir ki, 122 il yaşamış fransalı Janna Luiza Kalmanın (1997-ci ildə vəfat edib) rekordu son iyirmi beş ildə təzələnməyib. Bu, hələlik insan üçün son yaş həddi hesab olunur.
Yeni tədqiqatda bu iddiaya şübhə ilə yanaşılıb və bu həddin gələcəkdə artacağı bildirilib. Alimlər tərəfindən sırf riyazi iş görülüb: onlar sənaye nöqteyi-nəzərdən inkişaf etmiş 19 ölkədə 1700-cü və 1900-cü illərin sonu arasında dünyaya gələn yüz milyonlarla insanın ölüm halları ilə bağlı məlumatları təhlil etmək üçün mövcud modeli dəyişdirib. Model qanunauyğunluqlar aşkar edib və onların əsasında insanın gələcəkdə potensial yaşını proqnozlaşdırıb. Müəyyən edib ki, 1900-cü ilə qədər dünyaya gəlmiş insanlar üçün 122 yaş son hədd ola bilər. Lakin artıq 1910–1950-ci illərdə dünyaya gələnlər üçün ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb. Ehtimal edilir ki, bu ictimai səhiyyə və tibbi texnologiyalar sahəsində islahatların birinci dalğası ilə əlaqədar ola bilər. Alimlər hesab edirlər ki, tədqiqatla əhatə olunan əksər ölkələr üçün maksimal yaş gələcəkdə artacaq.
Lakin bəzi ekspertlər tədqiqatın nəticələri ilə razılaşmayaraq bildirirlər ki, bu araşdırma sırf riyazi və demoqrafik xarakter daşıyır və qocalmanın biologiyasını nəzərə almır. Misal üçün, insan orqanizminin hüceyrələri xərçəng kimi yaş xəstəliklərinə meyillidir. Tənqidçilər hesab edirlər ki, bu cür proqnozlar yalnız böyük qrup canlı varlıqların iştirakı ilə aparılan tədqiqatların əsasında verilə bilər, çünki ömrün uzunluğu bioloji kateqoriyadır. Müəlliflər iradla razılaşaraq qeyd ediblər ki, riyazi model yenə də ölüm halları ilə bağlı tarixi məlumatlara əsaslanan çox faydalı məlumat verib.