Avropa Parodontologiya Federasiyasının “Perio Master Clinic” konfransı 2026-cı ildə Bakıda keçiriləcək. Bu haqda qərar aprelin 1-də Danimarkanın Helsingor şəhərində keçirilən Avropa Parodontologiya Federasiyasının Baş Assambleyasında qəbul edilib.

Konfransda ölkəmizi Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli təmsil edib. O, Bakı şəhərinin işgüzar tədbirlər üzrə potensialı ilə bağlı təqdimatla çıxış edib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, “Perio Master Clinic” konfransına ev sahibliyi etmək uğrunda mübarizə Bakı və Finlandiyanın Helsinki şəhərləri arasında bir ilə yaxındır davam edirdi.

Federasiyaya üzv ölkələrin səs çoxluğu ilə konfransın 2026-cı ilin 6-7 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi təsdiq edilib. Konfrans mindən çox beynəlxalq iştirakçını Azərbaycana cəlb edəcək.

Qeyd edək ki, ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irirmiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirmək Azərbaycan Turizm Bürosunun məqsədlərindəndir.