Azərbaycanın tarixində müstəsna rolu olan, onu dünyada layiqincə tanıdan və ölkəmizə rəhbərliyi zamanı bütün sahələrin inkişafına nail olan Ümummilli lideri Heydər Əliyev mədəniyyətimizin himayədarı, incəsənət vurğunu idi. Bunu bütün fəaliyyəti dövründə isbatlayan və özünün yüksək estetik zövqü ilə sənətə və sənətkarlığa daim diqqət və qayğı nümayiş etdirən Heydər Əliyev yaxşı bilirdi ki, bir xalqın dünyada təqdimatında mədəniyyət, onun ayrı-ayrı sahələrinin təmsilçilərinin peşəkarlıq və istedadı nə qədər böyük önəm kəsb edir.

Hələ ölkəmizin mədəniyyətinin də SSRİ kimi quruluşun mədəniyyəti tərkibində təmsil olunduğu bir vaxtdan o, ən müxtəlif sahələrdə çalışan və tanınan mədəniyyət və incəsənət təmsilçilərini seçir, tanıyır, sevir, diqqətdə saxlayırdı. Hər fürsətdə dövlət tərəfindən dəyərləndirilməsinə nail olurdu. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.  Bu mənada o, mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Azərbaycan musiqisini, teatr sənətini, digər sənət sahələrini əhatə edən diqqətinin bariz nümunələrindən biri də bu sahələrdə uzun illər çalışan, böyük yaradıcı əmək sərf edən insanların dövlət təltiflərinə, mükafatlara layiq görülməsi idi. Belə addımlardan biri də Heydər Əliyevin 11 iyun 2002-ci il tarixdə imzaladığı fərmanla Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi oldu. Həmin fərmana uyğun olaraq Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan şəxslərə (ümumilikdə 150 nəfər) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verildi. Onların arasında Azərbaycan mədəniyyət və incəsənətinin görkəmli simaları vardı.

İlk Prezident təqaüdçülərindən biri də ömrünü milli balet sənətimizə həsr edib, ona dünya miqyasında şöhrət qazandırmağa nail olan canlı əfsanə, görkəmli baletmeyster, Xalq artisti Rəfiqə Axundovadır.

Qocaman sənət fədaisini o illərə aparmaqla xatirələrini dinləmək istədik: “Heydər Əliyev unikal insan idi. O, güclü siyasətçi, idarəetmə sahəsində yüksək peşəkar, dünya miqyasında seçkin siyasi xadim olmaqla yanaşı, yəni bütün üstün keyfiyyətləri ilə bərabər, eyni zamanda əsl sənət bilicisi idi. Özü də bu bilgi, bu universallıq ümumi intellektual səviyyə, yəni sadəcə dünyagörüşünün zənginliyi ilə bitmirdi. O, sənətin bütün sahələrində ən xırda detallaradək yaxşı məlumata, incə zövqə və sözsüz ki, həmin sahənin mütəxəssislərinə xas olan təhlil qabiliyyətinə malik idi. Odur ki, Heydər Əliyevin tamaşaçısı olduğu tədbir və nümayişlərdə bütün heyət həyəcanlı və həm də sevincək olurdu. Çünki onun yüksək zövqünü və səhnə insanlarına sevgisini duyurdular. Onu hər kəs bir cür analiz edib, sevə bilər. Amma sənət insanları, həyatını Azərbaycan incəsənətinə həsr edən sənətkarlar bir başqa sevirlər. Xüsusən biz balet artistləri. Bilirsiniz niyə? Çünki o, elə də populyar olmayan, incəsənətin digər sahələrindən fərqli olaraq məhdud auditoriya tərəfindən sevilən opera və balet sənətinə, xüsusən də balet artistlərinə, onun azərbaycanlı nümayəndələrinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. İstəyirdi ki, bu sahəyə maraqlı insanlarla yanaşı, onun təmsilçilərinin də sayı artsın. O, bizlərin qastrollarını, balet tamaşalarını diqqət mərkəzində saxlayırdı. Başqa ölkələr kimi bizim milli balet sənətimizin də dünya səhnələrini fəth edib şöhrətlənməsini istəyirdi.

İndi o günləri xatırlayanda istər-istəməz kövrəlirəm. O, unikal insan, sadə və mehriban rəhbər, qayğıkeş dövlət başçısı idi”.

Xatırladaq ki, Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları uğurla ifa edərək geniş tamaşaçı rəğbəti qazanıb.

O, yaradıcılıq fəaliyyəti boyunca, həmçinin Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə çalışıb, ölkəmizi dünyaya tanıdıb, milli xoreoqrafiya sənətini layiqincə təbliğ edib. Rəfiqə Axundovanın həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədovla birgə quruluş verdiyi dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ən nüfuzlu teatr səhnələrini bəzəyən gözəl sənət əsərlərinə çevrilib.

H.Rüstəmova