AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsində “Əli bəy Hüseynzadənin fəlsəfi dünyagörüşündə Qərb dəyərlərinə münasibət” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan bildirilib ki, seminarı giriş sözü ilə şöbənin müdiri fəlsəfə elmləri doktoru Arzu Hacıyeva açaraq görkəmli Azərbaycan şairi, mütəfəkkiri, ideoloq, ictimai xadim Əli bəy Hüseynzadəni (1864-1940) hərtərəfli istedadlı şəxsiyyət kimi xarakterizə edib. O, Ə.Hüseynzadənin Azərbaycan fəlsəfi düşüncəsinin inkişafında müstəsna xidmətlərini qeyd edib, onun şəxsiyyətinə və ədəbi, siyasi, fəlsəfi irsinə zaman-zaman münasibətin dəyişməsinin, xüsusilə sovet dövründə qatı pantürkist kimi damğalanaraq haqsız iftiralara düçar olmasının səbəblərini göstərib. Mütəfəkkirin özündən sonra qoyduğu zəngin fikir irsinin dərindən araşdırılmasına ehtiyac olduğu vurğulanıb.

Şöbənin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad Əsgərov “Əli bəy Hüseynzadənin fəlsəfi dünyagörüşündə Qərb dəyərlərinə münasibət” mövzusunda məruzə ilə çıxış edib. Ə.Hüseynzadənin Qərb dəyərlərinə münasibətində Qərb və Şərq mədəniyyətlərinin dialoqu, bəşəri dəyərlər prinsiplərindən çıxış etdiyini deyən məruzəçi mütəfəkkirin Qərb modeli haqqında təsəvvürlərinin öz əksini tapdığı əsərlərini şərh edib, həmçinin onun Avropa və rus filosoflarını tanıtması, maarifçilik fəaliyyətinə toxunub.