13 min 474 şəxs qeydiyyatdan keçib

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2019-cu ildə təsis olunan “Yüksəliş” müsabiqəsinin üçüncü mövsümünə qeydiyyat başa çatıb. Qeydiyyat 17 fevral – 31 mart tarixlərində aparılıb və ümumilikdə 13 min 474 şəxs qeydiyyatdan keçib. Bununla da, üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə daha çox olub. Qeydiyyatdan keçənlərin 10237-si kişi, 3237-si qadındır. Ötən il ikinci müsabiqəyə qeydiyyat üçün müraciət edən 6268 namizəd bu dəfə də müsabiqəyə qoşulub.

Qeydiyyat mərhələsi ərzində bölgələrdə müsabiqəyə əlçatanlığı təmin etmək, qeydiyyat mərhələsində texniki dəstək göstərmək, məlumatlandırma işi aparmaq məqsədilə “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun nümayəndələri 19 bölgəyə səfər edib. Ümumilikdə qeydiyyatdan keçənlər arasında Bakı şəhəri və Abşeron-Xızı, Lənkəran-Astara, Gəncə-Daşkəsən regionlarından namizədlər üstünlük təşkil edir. Müsabiqədə 21-51 yaşlarında olan namizədlər iştirak edə bilərlər. Müraciət edənlər arasında 21-30 yaşında 5050 nəfər, 41-50 yaşında 1625 nəfər, 21 yaşadək 33, 51 yaşında isə 10 nəfər var.

Hazırda qeydiyyatdan keçənlərin daxil etdikləri məlumatların yoxlanılması həyata keçirilir.

Qarşıda iştirakçıları ümumi biliklər üzrə onlayn mərhələnin ilk sınaq imtahanı gözləyir. İmtahanda Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində sərəncam imzalanıb.