Mədəniyyət Nazirliyinin tabeliyində 2021-ci ildən fəaliyyət göstərən “Filming Azerbaijan” MMC (Azərbaycan Film Komissiyası) ötən müddətdə bir sıra yerli və beynəlxalq layihələrdə, həmçinin İFFTC və MİPCOM kimi beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib. Beynəlxalq kino jurnallarında “Filming Azerbaijan” haqqında məqalələr dərc olunub.

2022-ci ildən ABŞ-də yerləşən Dünya Film Komissiyaları Assosiasiyası – AFCİ-yə üzv qəbul edilərək beynəlxalq fəaliyyət üçün sertifikat alan “Filming Azerbaijan” ABŞ, Böyük Britaniya, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İndoneziya kimi ölkələrin tanınmış film istehsalçıları ilə əməkdaşlıq edir. Şirkət birgə film, klip, reklam çarxlarının, o cümlədən “Netflix” (“Gray Man” filmi), “Disney+” (“Aar ya paar” filmi) kimi platformalar üçün filmlərin ölkəmizdə çəkilişinə təşkilati dəstək göstərib.

O cümlədən Pakistanın “Sufi” brendi üçün reklam çarxı və Hindistanın tanınmış müğənnisi Stebin Ben üçün musiqili videonun (yutub platformasında baxış sayı 33 milyondan çoxdur) Azərbaycanda çəkilişlərinə dəstək verilib. “Filming Azerbaijan” hazırda Sinqapur, BƏƏ, Hindistan və Argentina film istehsalçıları ilə bu il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələr üzərində işlər aparır.