Romada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması tərəfdaşlığa töhfədir

 

Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi perspektivləri, siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar, mədəniyyət, təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Xələf Xələfov münasibətlərin hazırkı yüksək səviyyəsinin təmin olunmasında son illərdə yüksək səviyyəli siyasi dialoqun davam etməsinin, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərlərinin xüsusi rol oynadığını vurğulayıb. 2020-ci ildə iki ölkə arasında imzalanmış Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin, habelə müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlərin, eləcə də çoxsaylı hökumət və parlament nümayəndə heyətlərinin səfərlərinin və birgə olaraq həyata keçirilmiş bir sıra strateji layihələrin əhəmiyyəti qeyd olunub. Nazir müavini Vətən müharibəsindən sonrakı dövrdə bölgəmizdə yaranmış yeni reallıqlar, davamlı sülhün və sabitliyin bərqərar olunması, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa işləri haqqında da məlumat verib və bu layihələrdə italyan şirkətlərinin fəal iştirakının dostluğumuzun bariz nümunəsi olduğunu bildirib.

Nazir müavini Edmondo Çirielli Azərbaycanın bölgədə sülhün bərqərar edilməsi istiqamətində səylərinin təqdirəlayiq olduğunu, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək, bu xüsusda İtaliyanın müvafiq töhfələr verməyə hazır olduğunu bildirib.

Siyasi məsləhətləşmələrdə iki ölkə arasında humanitar sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, Heydər Əliyev Fondunun mühüm rola malik olması vurğulanıb. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının, Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının tərəfdaşlığımızın şaxələndirilməsindəki əhəmiyyəti qeyd olunub.

Həmçinin regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən digər mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.