“Bu, Türkiyə sənayesinin növbəti böyük uğurudur”

 

Türkiyənin ilk yerli elektromobili “TOGG” aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “TOGG” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşüb.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “TOGG” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim edib.

“Türkiyədən ikinci avtomobili Sizə təqdim etmiş oluruq. Bütün türk xalqı ikinci avtomobilin Azərbaycana göndərilməsindən çox məmnundur. Xeyirli-uğurlu olsun. İnşallah, gözəl günlərdə istifadə edərsiniz”, – deyə o bildirib. 

Prezident İlham Əliyev deyib: “İlk növbədə, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib. Sizə də təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur”.

Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “TOGG”un ilk sifarişçilərindən biri də Azərbaycan Prezidenti olub. Ötən il noyabrın 2-də İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı “TOGG”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırmış və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirmişdi. Türkiyə Prezidenti mətbuata açıqlamasında həmin telefon danışığı zamanı İlham Əliyevin iki ədəd “TOGG” elektromobili almaq üçün sifariş verdiyini bildirmişdi.

İlk avtomobil isə aprelin 3-də Türkiyə Prezidentinə və xanımı Əminə Ərdoğana təqdim olunub.