Xalq artisti, professor, Dövlət mükafatı laureatı, tarzən Ramiz Quliyevin 75 illiyinə həsr olunmuş kitab işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında çap olunan “Ramiz Quliyev. Səslən, tarım (Yaradıcılıq xatirələrimin palitrası)” adlı kitabın redaktoru və tərtibçisi Əməkdar jurnalist Tahir Aydınoğludur.

Altı hissədən ibarət kitabın ilk iki bölümdə tarzənin uşaqlıq və gənclik illəri bağlı xatirələri əks olunub. Həmçinin burada Ramiz Quliyevin yerli və xarici mətbu orqanlarda işıq üzü görmüş məqalə və yazılarına yer ayrılıb. Kitabın xüsusi bölümü Azərbaycanın İkinci Qarabağ müharibəsində mübarizəsi və möhtəşəm Qələbəsinə həsr edilib. Növbəti iki bölüm isə sənətkarın sinfində müxtəlif illərdə təhsil almış tanınmış sənət adamlarının xatirələrindən ibarətdir – Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Abdulla Qurbani, Serhat Turunc, Elxan Mənsurov, Malik Quliyev, Ramiz Əzizov, Sahib Paşazadə, Vüsal İsgəndərzadə, Ümid İbrahimov, Şahin Verdiyev, Polina Desyatniçenko, Muhammad Aman və digərinin məqalələrində professor Ramiz Quliyevin pedaqoji yanaşması və onun adı ilə bağlı yeni tar ifaçılığı məktəbinin özəllikləri geniş təhlil olunub.

Kitabın son iki bölümündə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, professor Elmira Axundova, akademik Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, professor Qəzənfər Paşayev, Xalq yazıçısı Natiq Rəsulzadə və Azərbaycanın digər tanınmış siyasi, mədəni və ictimai xadimlərinin yazılarına yer verilib.

İndiyədək heç bir yerdə çap olunmamış və professor Ramiz Quliyevin şəxsi arxivindən olan fotolar da kitaba xüsusi rəng qatıb.