Aprelin 10-da Əməkdar rəssam, uzun illər A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının bir çox tamaşalarında nağıl qəhrəmanlarının obrazlarının eskizlərini hazırlamış Solmaz Musayevanın (1928-2016) anadan olmasının 95-ci ildönümü tamam olur.
Solmaz Musayeva 1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin, sonra isə V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin Dekorativ-tətbiqi sənət fakültəsində təhsil alıb. 1965-81-ci illərdə teatrda quruluşçu rəssam, 1981-87-ci illərdə baş rəssam kimi çalışıb.
Solmaz Musayeva Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı kimi də tanınır. Bu filmlərdən bir neçəsi keçmiş sovet dönəmində ümumittifaq televiziya filmləri festivallarında mükafatlandırılıb. “Göyçək Fatma” cizgi filmi Gürcüstan Rəssamlar İttifaqının xüsusi diplomuna layiq görülüb. 1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan Solmaz xanımın Azərbaycanın müxtəlif bölgələrinə aid geyimləri əks etdirən yüzlərlə etnoqrafik suvenir kuklası Azərbaycanın və xarici ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın 2006-cı ildə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yaratdığı kompozisiyasının UNESCO-nun qərargahında sərgilənməsi olduqca qürurverici faktdır. O, 1993-cü ildə Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festival-müsabiqəsinin də laureatı olub.
S.Musayeva 2007-ci ildə respublikanın “Əməkdar rəssam”ı fəxri adına layiq görülüb. 21 oktyabr 2016-cı ildə dünyasını dəyişib.
Sənətkarın yaradıcılığını əks etdirən nümunələrdən bir qismi C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda saxlanılır.