Misir hökuməti keçmiş turizm və qədmi abidələr naziri Xalid əl-İnaninin UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

Onun namizədliyini Misirin Baş naziri Mustafa Mədbuli keçirdiyi mətbuat konfransında elan edib. Qeyd edib ki, keçmiş nazir 2025-ci ildə keçiriləcək UNESCO-nun baş direktoru seçkilərində iştirak edəcək və bunun üçün hökumətin rəsmi məktubu təşkilatın mənzil-qərargahına göndəriləcək.

2019-2022-ci illərdə nazir vəzifəsində çalışan əl-İnaninin dövründə 20-dən çox muzeyin və arxeoloji obyektlərin, 40-dan çox bərpa və inkişaf layihəsinin açılışı olub, tarixi məscidlərin, monastırların və kilsələrin, İsgəndəriyyədə Eliahu Hanavi sinaqoqunun bərpası layihəsi başa çatdırılıb. Keçmiş nazirin səyləri sayəsində arxeoloji missiyaların sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da mühüm tapıntılara töhfə verib.

Xatırladaq ki, 2017-ci ildə UNESCO-nun baş direktoru vəzifəsinə namizəd göstərilmiş misirli Muşira Xəttab seçkilərdə təşkilatın hazırkı rəhbəri Odri Azuleyə məğlub olmuşdu.

Baş direktor UNESCO-nun Baş Konfransında 4 il müddətinə seçilir. 2021-ci ildə ikinci dəfə seçilən Odri Azulenin səlahiyyət müddəti 2025-ci ildə başa çatacaq. Daha öncə təşkilatın baş direktorları 6 il müddətinə (maksimim iki dəfə olmaqla), sonra isə 5 il müddətinə seçilirdi. 2009-cu ildən bu müddət 4 ilə endirilib.