ABŞ-də geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrində “Antisemitizmin olmadığı bir yer” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, tanınmış siyasətçi Ayub Karanın qələmə aldığı məqalədə Anti-Diffamasiya Liqasına istinadən bildirilir ki, ABŞ-də antisemitizm bütün zamanların ən yüksək həddinə çatıb. Antisemitizm təzahürləri əvvəlki ilə nisbətən 36 faiz artıb.

Qeyd olunub ki, antisemit mövqeli ruhanilərin moizələri, antisemit xarakterli kitablar və televiziya verilişləri, sosial mediada antisemit bəyanatlarla müşayiət olunan məqalələr yəhudilərə qarşı zorakılıqlara səbəb olur. İranın Afinada israilliləri hədəfləyən və qarşısı alınmış hücum planı, Huvar və Təl-Əvivdə daha əvvəl baş vermiş hücumlar yaxın zamana aid misallardır. Eyni zamanda, vurğulanır ki, Qərbdə antisemitizmin təlqini ABŞ-də Pittsburq, Kaliforniya və Texasdakı sinaqoqlara hücumlar, Almaniyada da sinaqoqlara basqınlar, Fransada dinc yəhudilərin qətli ilə nəticələnib. Müəllif antisemit təbliğatının Qərbdəki ifrat sağçı neonasistlər və ifrat solçular arasında da yayıldığı diqqətə çatdırır.

Bütün bunlar fonunda sabiq nazir dünyada yəhudilər üçün yeganə təhlükəsiz məkan kimi Azərbaycanı qeyd edib. O, Azərbaycanı dünyada dindar yəhudilərin təqib qorxusu olmadan dini geyimdə küçələrdə sərbəst gəzə bildikləri nadir yer kimi səciyyələndirib. Müəllifin fikrincə, çoxları inanmaqda çətinlik çəkə bilər ki, Azərbaycan dünyada yəhudilərin tam azadlıqda yaşadığı nadir yerlərdən biridir, yəhudilər burada terror aktı və ya antisemitizm təzahürü qorxusu ilə yaşamağa məhkum deyillər. Sabiq nazir Azərbaycanda olarkən ravvin Zamir İsayevlə görüşdüyünü və sonuncunun antisemitizmin Azərbaycan mədəniyyətinə yad olmasına dair səsləndiridiyi fikirlərdən təsirləndiyini də qeyd edib.

Məqalədə vurğulanır ki, antisemitizmin kökünü kəsmək üçün digər ölkələr Azərbaycandan uğurlu multikultural cəmiyyət qurmağın modelini öyrənməlidir. Məhz Azərbaycan insanların Pasxa, Novruz və digər bayramları bir yerdə qeyd etdikləri cəmiyyət yaratmağa müvəffəq olub.