Türkiyənin məşhur yazıçısı, tədqiqatçı-jurnalist, Atatürk nəslinin araşdırmaçısı, “Çanaqqala savaşı”, “Mustafa Kamal və Atatürk”, “Bilinməyən şəhidliklər” və digər kitabların müəllifi Mustafa Atmaca AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun icraçı direktoru filologiya elmləri doktoru, professor Paşa Kərimov qonağa müəssisənin tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və həyata keçirilən tədqiqat işləri barədə ətraflı məlumat verib.

Mustafa Atmaca səfərinin məqsədinin ölkəmiz, burada yerləşən elmi müəssisələr, qədim memarlıq abidələri, muzeylər haqqında yeni məlumat əldə etmək olduğunu bildirib. O, müəllifi olduğu 9 kitabı institutun kitabxanasına hədiyyə etmək istədiyini vurğulayıb.

Qonaq institutun Ekspozisiya zalında nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri ilə tanış olub, rəy kitabına təəssüratını yazıb.