Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı “Heydər Əliyev İli” çərçivəsində Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatımızın mövqeyi” mövzusunda elmi-ədəbi tədbir keçirib.

Muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O, Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat amilinin rolundan, onun sistemli ədəbiyyat bilicisi kimi nadir dövlət xadimi olmasından, dahi liderin hələ gənclik illərindən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənməsindən bəhs edib.

Muzeyin əməkdaşı Ülviyyə Yusifova “Ədəbiyyatımıza Heydər Əliyev qayğısı” mövzusunda təqdimatla çıxış edərək Ulu öndərin Azərbaycan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verdiyini, istər ədəbiyyat, istər teatr və kino sənəti, eləcə də musiqi və rəssamlıq sahələrinə məhz dövlətçilik mənafeləri baxımından yanaşdığını bildirib.

Yazıçı-publisist Əlisəfa Azayev Heydər Əliyevin siyasi irsinin indiki və gələcək nəsillərə əmanət olmasından bəhs edərək bu mirası qoruyub saxlamağın hər bir azərbaycanlının vəzifə borcu olduğunu vurğulayıb.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxışında Ümummilli liderin milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün xidmətlərindən, azərbaycançılıq ideologiyasından bəhs edib.

Daha sonra Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynovun “Şah əsər – Azərbaycan” albomundan mahnılar səsləndirilib.

Sonda dahi siyasətçiyə həsr olunmuş şeirlər səsləndirilib.